Bölgələrdə kadr çatışmazlığının olduğu bildirilir
“Bölgələrdə kadr çatışmazlığı var. Məsələn, İmişli rayonunda 85 həkim və 137 tibb bacısı çatışmır. Oxşar vəziyyət Salyan və Sabirabad rayonlarında da hökm sürür. Ən yaxın gələcəkdə ölkəmizdə tibbi kadr çatışmazlığı yaşayacağıq dediyimizdən hələ 1 il keçib”.
Bu fikirləri həkim Aydın Əliyev öz “Facebook” hesabında bildirib. Onun sözlərinə görə, müvafiq tədbirlər görülməsə, gələcək illərdə daha ciddi tibbi kadr çatışmazlığı ilə rastlaşılacaq. Həkim deyib ki, sığorta əlavələri həkimlərə vaxtında və qanunda nəzərdə tutulmuş şəkildə verilmir.
Kliniki Tibbi Mərkəzin adının açıqlanmasını istəməyən həkimlərindən biri isə Meydan TV-yə danışıb ki, rayonlardakı həkimlər də Bakıda iş axtarmaq üçün müraciət edirlər. Çünki Bakıda bölgələrə nisbətən seçim imkanı var, özəl klinikalarla faiz qarşılığı əməkdaşlıq mümkündür.
“Doğrudur, Bakıda da əksəriyyətin maaşı azdır. Məsələn, mərkəzdə çalışan həkimlər arasında 5-6 min, hətta 10-12 min manat maaş alanların olduğu söylənilsə də, həmin şöbə və həkimlərin adları açıqlanmır. Çünki həkimlərin maaşı 1500-2000 manata güclə çatır”,-həkim deyib.
Onun sözlərinə görə, həkimlərin məvaciblərinin artırılacağı açıqlansa da, konkret vaxt bildirilməyib. Pandemiya dövründə məvacilərin əlavə və bonuslarla birgə indikindən 5-6 dəfə çox olacağı vəd edilsə də, əksi baş verib:
“Rayonlarda imkan məhduddur, buna görə də gedən yoxdur, əksinə həkimlər Bakıya axın edirlər”.
TƏBİB-dən isə Meydan TV-yə bildiriblər ki, regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan heyətin regionlardakı müəssisələrə cəlb olunması planlaşdırılır. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək, regionlara çalışmağa gedən tibb heyətinə əlavə mükafatların verilməsi nəzərdə tutulub.
“Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir”, – qurumdan bildirilib.