Bakıdakı “Beerlin Pub”da müştəri niyə döyülərək öldürülüb?

“Beerlin Pub”, Foto: https://nocomment.az/

Müəssisənin administratoru: “Mühafizə qeyri-adekvat adamları içəri buraxmamaq üçündür…”

“Beerlin Pub”a müştəri kimi gələn Vüqar Mustafayevin orada döyülərək öldürülməsilə bağlı məhkəmə araşdırmaları davam edir. Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında cavab verən isə məkanın mühafizəçisi Orxan Şahbazovdur.

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmişin hüquqi varisi qismində mərhum Vüqar Mustafayevin qardaşı Fərid Mustafazadə dindirilib.

O bildirib ki, həyat yoldaşı zəng edərək, ona qardaşının durumunun ağır olduğunu, komaya düşdüyünü xəbər verib. Qardaşını əvvəlcə Leyla Şıxlinskaya adına xəstəxanaya aparsalar da, orada qəbul eləməyiblər. Oradan 3 saylı xəstəxanaya çatdırıblar.

“Orada cəmi 2-3 dəqiqə yanında oldum. Bədəni gömgöy idi. Həkim dedi ki, beyin ölümü keçirib artıq. Ürək döyüntüləri vardı, amma həkim dedi ki, “müvəqqətidir, yaxınlarının vidalaşması üçün süni nəfəs aparatına qoşmuşuq”. Mən bu vəziyyətlə barışmaq istəmirdim. Ona görə də bir neçə başqa klinika ilə əlaqə saxladım”, – Fərid Mustafazadə bildirib.

Onun sözlərinə görə, Mərkəzi Klinikanın əməkdaşları da gəlib Vüqar Mustafayevə baxıblar. Onlar da heç bir ümid olmadığını deyiblər.

Qardaşı deyir ki, əvvəlcə ona Vüqarın hündür yerdən yıxıldığı bildirilib. Hadisə vaxtı Vüqar Mustafayevin yanında olmuş dostu Valehlə görüşən qardaşı onun da üzündə xəsarət izləri görəndə şübhələnib: “Valehlə görüşdüm, onun da üzündə görünən zədələr vardı…”

Dindirmə zamanı məlum olub ki, təqsirləndirilən Orxan Şahbazovun yaxınları Vüqar Mustafayevin yas mərasiminə gedərək üzrxahlıq ediblər.

“40 mərasimində gəldilər, üzrxahlıq etdilər. Dedik ki, yasdan sonra gələrsiniz, oturub danışarıq. Amma gələn olmadı”, – zərərçəkmişin hüquqi varisi bildirib.

Fərid Mustafazadə əlavə edib ki, qarşı tərəflə barışıq niyyətləri yoxdur.

Hadisə vaxtı mərhum Vüqar Mustafayevin yanında olmuş dostu Valeh Mustafayev də məhkəmədə ifadə verib.

O bildirib ki, “Beerlin Pub”a gəlməmişdən əvvəl spirtli içki qəbul etmişdilər:

“Yanımızdakı dostumuz corab geyinməmişdi, ayağı görünürdü. Buna görə bizi içəri buraxmadılar. Qayıdıb, maşında corabımı ona verdim. Mən ayaqqabımı corabsız geyindim. Çünki mənim ayaqqabım qapalı idi, corabsız olanda da görünmürdü. Bu dəfə də bəhanə gətirdilər ki, “xanımsız gəlmisiniz”. Başa düşdük ki, bunlar hamısı bəhanələrdir. Mühafizə xidmətinin rəhbərini tanıyırdım, ona zəng elədim ki, tapşırsın. Xeyri olmadı. Orxana iradımı bildirdim, dedim ki, səni bura kimisə vurmağa qoymayıblar. Məni də vurdu…”

O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Elə bu anda kimsə xəbər verib ki, Vüqar yıxılıb.

Deyir ki, dərhal Təcili Tibbi Yardıma zəng eləsə də, telefon məşğul göstərib. Ona görə məcbur olub, özləri xəstəxanaya çatdırıblar.

Şahid qismində ifadə verən “Beerlin Pub”ın administratoru Ramin Hidayətov etiraf edib ki, bu müştəriləri içəri buraxmamaq göstərişini mühafizəçiyə şəxsən özü verib. Çünki həmin müştərilər sərxoş olublar.

Xanımsız, corabsız gəlmək məsələsini isə bəhanə kimi səsləndiriblər:

“Vüqar orada dedi ki, gedək başqa bir məkana, amma Valeh mübahisəni davam etdirdi. Dedi ki, yox, burada oturacağıq, pulumuz var. Orxana qıcıqlandırıcı sözlər deyirdilər. Mühafizə qeyri-adekvat adamları içəri buraxmamaq üçündür…”

Bu ölüm hadisəsiylə bağlı məhkəmə araşdırmaları davam edir.

Ana səhifəSosialBakıdakı “Beerlin Pub”da müştəri niyə döyülərək öldürülüb?