Bakıda yol qəzası: “Şəhid bacısıyam, istədiyimi edə bilərəm”

Foto: iLUXimage\shutterstock

Yanvarın 2-də Bakının Nizami rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan İradə İsmayılova Nizami Rayon Polis idarəsinin tədqiqatçısı Ənvər Məlikov və özünü “şəhid bacısı” kimi təqdim edən ASAN Xidmətin işçisi Günay Həsənovadan şikayətçidir.

Qəza Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən aptekin qarşısında baş verib. Hadisə nəticəsində İradə İsmayılova xəsarət alıb.

Bu haqda Meydan TV-yə zərərçəkmiş şəxsin qohumu məlumat verib. 

O deyir ki, qəza zamanı İsmayılova ağır xəsarətlər alıb, sol qolunun körpücük sümüyü sınıb. Onlar polisə zəng edərək qəzanı törədən şəxsin əməliyyata ödənilən 3000 manatı və İsmayılovanın bir neçə aylıq kirayə haqqını ödəməsini istəyib. Bunun qarşılığında şikayətlərini geri çəkəcəklərini bildiriblər:

“İradə yolun kənarı ilə gedərkən, arxadan sürətlə gələn maşın onu vurub və qaçıb. Hadisə evimizin yaxınlığında olduğu üçün tez ora gedə bildik və 102-yə zəng etdik. Polis maşını ilə İsmayılovanı Sabunçu xəstəxanasına apardıq. Orada əməliyyat sığorta tərəfində ödənildiyindən bizə yalnız 9 dekabrda əməliyyat edə biləcəklərini bildirdilər. Kompüter tomoqrafiyasından sonra sol qolunun körpücük sümüyünün sındığını bildik. Lakin əməliyyat tarixi gec olduğu üçün razılaşmayıb xəstəxanadan çıxdıq. Polisə zəng edib yalvardım ki, həmin adamı göndərin bura, xəstəxana xərclərini qarşılasın. Üç min manat ödəniş etdik. Məhkəmə tibbi ekspertizanın rəyi, epikriz əlimizdədir”.

İradə İsmayılovanın qohumunun sözlərinə görə, hadisəni törədən şəxsin kimliyi barədə onlara məlumat verilmir. Nizami Rayon polis İdarəsinin tədqiqatçısı Ənvər Məlikov bayram günü ilə əlaqədar olaraq işləmədiklərini və bu səbəbdən şəxsin kimliyini müəyyən etmədiklərini deyib.

“Xəstəxanadan sonra tədqiqatçı Ənvər Məlikovun yanına gəldik. O bizə bildirdi ki, “mənlik deyil, gedin özünüz həll edin”. Dedim ki, əgər siz öhdənizə düşən bu işi yerinə yetirməyəcəksinizsə, niyə bu işi icraatınıza götürmüsünüz? Burada iki cinayət var. Həm maşın cinayəti törədən şəxsin adına deyil, həm də hadisəni törədəndən sonra oradan qaçıb. 5 gündür Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əzizbəyov bu adamı gizlədir. Məlikov qeyd etdi ki, bayram günüdür, işləmirik. Amma bayram günündə polislər gücləndirilmiş iş rejimində işləyirlər”, – deyə qohumu vurğulayıb.

İradə İsmayılova deyir ki, özünü qəzanı törədən şəxsin xalası və şəhid Əsəd Həsənovun bacısı kimi təqdim edən Günay Həsənova qohumunun evinə gələrək onları təhdid edib.  

“Biz Günay Həsənovaya dedik ki, tək gəlsin, cinayəti törədən şəxsin anası gəlməsin. Daha əvvəl Ənvər Məlikov mənim nömrəmi həmin qadına vermişdi və o, mənə zəng edərək təhqir və təhdid etmişdi. Qohumum Həsənovadan xahiş etdi ki, bu cinayət işinə şəhidin adı salınmasın. Günay Həsənova isə özünü şəhid bacısı və ASAN Xidmətin işçisi kimi təqdim edərək, 20 min manat verib, bacısı oğlunu bu işdən çıxaracağını dedi. O, mənə və qohumuma hücum etdi, bizi həbslə təhdid etdi. Bildirdi ki, tədqiqatçının yanından gəlir və şəhid bacısı olduğu üçün istədiyini edə bilər. Daha sonra kamera görüntülərinə baxdığını dedi. Amma həmin görüntülər məhkəmə qərarı olmadan tədqiqatçı Ənvər Məlikov tərəfindən ona verilib”, – deyə İsmayılova bildirir.

Ana səhifəXəbərlərBakıda yol qəzası: “Şəhid bacısıyam, istədiyimi edə bilərəm”