Dünən şirkətin iş icraçısı və ekskavator sürücüsünün saxlanılması barədə məlumat yayıldı
Bakının Yasamal rayonunda yaşayış olan evi qanunsuz sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Dünən, martın 27-də sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər evlərində ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Söküntü işlərinin “Melissa Group” tikinti şirkəti tərəfindən aparıldığı bildirilirdi.
Elə həmin gün şirkətin iş icraçısı və ekskavator sürücüsünün saxlanılması barədə məlumat yayıldı.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məlumat yayıb və bildirib ki, komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – məlumatda deyilib.