Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Foto: Azərbaycan Güləş Federasiyası

Onun azərbaycanlı güləşçi ilə görüşünü idarə edən hakimlər cəzalandırılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı Turan Bayramova məğlub olması ilə bağlı etirazı barədə qərar qəbul edib.

Bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb. Bunlar Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesledir.

Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.

Turan Bayramov həmin qarşılaşmada (8:8) qalib gələrək, Paris olimpiadasına lisenziya qazanıb. Bundan sonra İtaliya Güləş Federasiyası hakim səhvləri ilə bağlı şikayət edib. Dünya Güləş Birliyinin komissiyaları şikayəti araşdırıb, hakimlər və nümayəndələrlə söhbətlər aparıb, sonra qərar qəbul edib.

İntizam Komitəsi həmçinin UWW-dən mayın 9-da İstanbulda başlayacaq dünya Olimpiya Təsnifat Turnirində Frank Çamizonu iştirakçılar arasında birinci yerə qoymağı xahiş edib.

Bu il 5-7 apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirilib. Bu yarış Bakıda ilk dəfə təşkil edilib.

Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək, Olimpiya lisenziyası əldə edib. Amma Çamizo məğlubiyyətdən sonra Azərbaycan tərəfini ittiham edib. O, bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib. Çamizo iddia edib ki, o, rüşvətdən imtina etdikdən sonra turnirin təşkilatçıları rüşvəti hakimlərə veriblər. Məhz bundan sonra UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb.

Ana səhifəİdmanBakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb