Bakıda qısa filmlər festivalı başlayır

Foto: “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzi

Festivala 72 ölkədən 3217 qısa film göndərilib

XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır.

Festivalın təşkilat komitəsinin yaydığı press-relizdə bildirilir ki, açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Noyabrın 23-dək davam edəcək festivala 72 ölkədən 3217 qısa film göndərilib.

Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən, 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətinin üzvləri tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti, aktrisa Mehriban Zəki, kinorejissor Elməddin Alıyevdir.

Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” Qızıl Nar mükafatını təqdim edəcək.

Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərinə veriləcək. Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən yeni dizaynda təqdim olunmasıdır.

Bundan başqa, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 manatdır.

Foto: “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzi

Festivalın daha bir sürprizi BAFTA namizədlərinin xüsusi nümayişi olacaq. British Council ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən mükafat uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

Festivalda yer alan xarici və yerli qısa filmlər beş gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də saat 19: 00-da Nizami Kino Mərkəzində keçiriləcək.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Ana səhifəMədəniyyətBakıda qısa filmlər festivalı başlayır