Bakıda partlayış olub; ölən və yaralananlar var (yenilənib)

Fotolar FHN-nin saytından və Telegram-dan götürülüb

Location” klubunda baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir:

“Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir”.Məlumatda ümumilikdə 31 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı, 1 nəfərin öldüyü xatırlanıb:

“Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilib”.


37 nəfərin yaralandığı bildirilir

Aprelin 3-də saat 03:00 radələrində paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda partlayış baş verib.

Partlayış nəticəsində gecə klubunun işçisi, 1979-cu il təvəllüdlü Maya Axundovanın öldüyü bildirilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Baş Prokurorluq 37 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, onlardan dördünün vəziyyətini çox ağır olduğunu bildirib:

“Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib”.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

“Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən edilib”,-deyə qeyd olunub.

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev hadisənin propan qaz balonunun partlaması səbəbindən baş verdiyini bildirib. O, təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatının dayandırıldığını əlavə edib.

Ana səhifəSosialBakıda partlayış olub; ölən və yaralananlar var (yenilənib)