Bakıda ofis açmağı bacaran “Euronews” televiziyası kimə məxsusdur?

Orban və Əliyev, foto: Prezidentin ofisi

Noyabrın 17-də Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayıb. Açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

Pedro Vargas David Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib. 

2023-cü ilin noyabr ayından Azərbaycanda müstəqil mətbuata təzyiqlər başlayıb. İki il ərzində 30-a yaxın jurnalist həbs edilib. 2025-ci ilin mart və aprel aylarında isə Azərbaycan hökuməti BBC, Reuters, Amerikanın səsi, Bloomberq kimi beynəlxalq mediaların ya yerli ofislərini bağlayıb, ya da onlara yalnız bir nəfər üçün akkreditasiya verilməsi haqqında qərar qəbul edib. Abzas Media, Toplum TV və Meydan TV kimi yerli müstəqil media orqanları isə ölkə daxilində fəaliyyətini davam etdirə bilməyib. Bu media qurumlarının əməkdaşları həbsə atılıb. 

Bəs belə bir şəraitdə, “Euronews” televiziyası Azərbaycanda necə yerli ofis açıb və onun arxasında kim dayanır?

 “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb. Yarandığı dövrdən müstəqil fəaliyyət göstərsə də, 2024-cü ildə telekanalın rəhbərliyində dəyişiklik olub. Kanalın yeni rəhbəri Klaus Ştrunz təyin edilib. O, Almaniyanın Bild nəşrində sağçı keçmişi ilə tanınır. Ştrunz miqrantların əleyhinə yazır, İsrail dəstəkçisi kimi tanınır və hətta Macarıstanın sağçı lideri Viktor Orbanla biznes əlaqələrində ittiham edilir. Politico nəşri yazır ki, Orbanın telekanal üzərində ciddi təsir imkanları mövcuddur. Həmçinin, telekanalın məxsus olduğu əsas şirkət Alpak Kapitalın Macarıstan lideri ilə biznes və yaxınlıq əlaqələri jurnalist araşdırmaları ilə üzə çıxıb.

Mətbuat tənqidçiləri bildirir ki, “Euronews”da baş verən dəyişikliklər onun müstəqilliyini kölgə altına alır. “Euronews” telekanalı son illər Azərbaycanın təbiətini, neft gəlirlərini, iqtisadi vəziyyətini tərifləyən video reportajlar da hazırlayır.

Elə açılış mərasimiz zamanı İdarə Heyətinin sədri Pedro Vargasın Azərbaycanla bağlı mövqeyinə görə tənqid olunması da məhz bu səbəbdən irəli gəlir. Fransanın “Le Monde” nəşri Vargasın 2022-ci ildə şübhəli əməliyyatlarla telekanalı Orbana bağlı şirkətə satmasından yazırdı. 

Viktor Orban Avropada sağçı və anti-demokratik bəyanatlarıla yadda qalır. O, Azərbaycan prezidenti İlham Əliyevin yaxın dostudur və Avropada qərarvermə zamanı Azərbaycan hökumətinin dəstəkçisi kimi tanınır. 

“Politico” nəşrinin təsvir etdiyi kimi, ‘’brutal dəyişikliklərə’’ məruz qalan “Euronews”un Azərbaycanda müstəqil fəaliyyəti də kölgə altına düşür. Azərbaycanın Sərhədsiz Reportyorlar (RSF) təşkilatının mətbuat azadlığı indeksində dünyada son yerləri tutması, müstəqil mətbuatı ölkədən sıxışdırıb çıxardığı bir vaxtda, “Euronews”un ölkədə hansı şərtlərdə fəaliyyət göstərəcəyi və müstəqilliyi şübhə altında qalır. 

Ana səhifəXəbərlərBakıda ofis açmağı bacaran “Euronews” televiziyası kimə məxsusdur?