Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarının məhkəməsi yekunlaşır

Foto: Meydan TV

Prosesdə dövlət ittihamçısı saxlanılan şəxslərə iş istəyib

Bakıda həbsdə olan Ermənistan vətəndaşlarından daha iki nəfərin –İşxan Aşoti Sarqsyan və Vladimir Otari Rafaelyanın işi üzrə məhkəmə prosesi yekunlaşır. Fevralın 28-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyilə Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, adları çəkilən Ermənistan vətəndaşlarına qarşı irəli sürülmüş ittiham – onların Azərbaycan ərazilərini minalamaq məqsədilə Kəlbəcər rayonu istiqamətində sərhədi qanunsuz keçmələri, o istiqamətdə yollara minalar yerləşdirmələri məhkəmə istintaqı zamanı sübuta yetirilib. Dövlət ittihamçısının sözlərinə görə, təqsirləndirilən şəxslərin özləri də məhkəmədə ifadələrində qismən bunu etiraf edib ediblər. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il azadlıqdan məhrum edilməsini istəyib. O təklif edib ki, Ermənistan vətəndaşları cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər. Cəza müəddəti başa çatandan sonra isə Azərbaycandan deportasiya edilsinlər.

Prokurordan sonra çıxış üçün təqsirləndirilən şəxslərin vəkillərinə söz verilib. Lakin onlar hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi martın 7-də vəkillərin çıxışıyla davam edəcək. Daha sonra təqsirləndirilən şəxslərin özləri son sözlərini deyəcəklər, ardınca isə məhkəmənin hökmü məlum olacaq.

Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazisini minalamaqda ittiham olunan iki nəfərdən – İşxan Aşoti Sarqsyan və Vladimir Otari Rafaelyan 2021-ci il mayın 26-dan 27-nə keçən gecə saat 03 radələrində saxlanıb.

İttihama əsasən, onlar Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçiblər. Onların Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələri və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirdiyi iddia olunur. Sənədlərdə göstərilib ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürülüb.

Adları çəkilən Ermənistan vətəndaşlarına qarşı Cinayət Məcəlləsinin 214.2.3 (Terrorçuluq, silahdan istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Lakin İşxan Sarqsyan və Vladimir Rafaelyan özlərini təqsirli bilmir. Hərbçi olduqlarını və əmri icra etdiklərini deyirlər.

Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycanla sərhəddə – Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyünü bildirib.

Ana səhifəSiyasətBakıda mühakimə olunan Ermənistan vətəndaşlarının məhkəməsi yekunlaşır