Bakıda kirayənişin ev sahibi tərəfindən döyüldüyünü deyir

Foto: Rahidə Rəhimovanın şəxsi arxivindən

Davanın su borcu üstündə düşdüyü deyilir, DİN təhqiqat apardığını bildirib

Vətəndaş Rahidə Məcnun qızı Rəhimova kirayə yaşadığı mənzildə ev sahibi Hürümələk Süleymanova tərəfindən döyüldüyünü iddia edir.

Şikayətçi Meydan TV-yə bildirib ki, 2024-cü il sentyabrın 18-də su sayğacı üstündə baş verən insident nəticəsində ev sahibi onu təhqir edib və fiziki təzyiq göstərib:

Bir il altı aydır ki, Nəsimi rayon Dilarə Əliyeva küçəsi, 160 mənzil 16-da kirayə yaşayıram. İkimərtəbəli qədimi bina evidir. Kirayə haqqı 230 manatdır. 2023-cü ilin sentyabr-oktyabr aylarında “Azərsu”nun nəzarətçisi gəlib, mənə ödəniş etməyim üçün qəbz təqdim etdi. Qəbzə baxdım ki, iki sayğac qeyd olunub. Ev sahibindən nəyə görə iki sayğacın qeyd olunduğunu və suyun pulunun belə çox yazdığını soruşdum. O da acıqladı ki, sənin borcundur, ödəməlisən”.

Foto: Rahidə Rəhimovanın arxivindən

Rahidə Rəhimova sonradan bilib ki, ev sahibinin həyətdə icarəyə verdiyi zirzəminin də suyu onun sayğacına qoşulubmuş.

“Ev sahibi zirzəmini Əzizə adlı dərziyə icarəyə verib. Həmin qadın 15 ildir ki, zirzəmini icarəyə götürüb. Sən demə, mənim mətbəximdən boru ilə zirzəmiyə su gedirmiş”, – şikayətçi deyir.

O bildirib ki, 2023-cü ilin dekabrından etibarən 2024-cü ilin ilk üç ayı evdə yaşamasa da, vaxtlı-vaxtında kirayə pulunu ödəyib.

Foto: Rahidə Rəhimovanın arxivindən

“Dörd ay idi ki, evdə yaşamırdım. 2024-cü il sentyabrın 4-də Nəsimi rayonu üzrə nəzarətçi suyun ödənilməsi ilə əlaqədar qəbzi mənə verdi. Qəbzdə 50 manat yazılmışdı. Bu rəqəmi görəndə narazılıq etdim. Nəzarətçi və ev sahibi məni təklədi. Ev sahibi də dedi ki, sənin köhnə borclarındır, ödəməmisən. Halbuki 4 ay orada yaşamamışdım. Nəsimi Rayon Sukanal İdasrəsinin nəzarətçisi Əmirxan Abbasov ev sahibi ilə əlbir olub, məni aldadıblar”, – Rahidə Rəhimova deyir.

O, məsələ ilə əlaqədar “Azərsu”ya müraciət etdiyini deyir:

“Əvvəlcədən də ev yiyəsini məlumatlandırdım ki, “Azərsu”dan nümayəndə gəlib araşdıracaq. Sentyabrın 18-də müraciətim əsasında “Azərsu”nun nümayəndəsi ünvanımıza gəldi. Yoxlanış zamanı məlum oldu ki, dərzinin işlətdiyi yerdə su sayğacı mənim evimin sayğacına birləşdirilib. Nümayəndə bildirdi ki, xətti kəsəcəyəm, dövlətdən su oğurlamısınız. Ev yiyəsi də cərimələnəcək. Bu, dələduzluqdur. Mənə dedi ki, sizin borcunuz 18 manatdır. Digər 32 manatı isə ev sahibi və dərzi ödəyəcək”.

Bir il altı ay mən bunların əvəzinə su pulu ödəmişəm. Özüm də onkoloji xəstəyəm, dərman almağa pul tapmıram. Nümayəndə gedəndən sonra ev sahibi ilə dərzi qadın mənə hücum çəkdilər. Dərzi üzərimə cumdu, saçlarımı yoldu. Məni itələdi, dəmir qapının qulpuna dəydim, sağ çiynimin aşağı nahiyyəsi əzildi”, – vətəndaş deyir.

Rəhimova əlavə edir ki, hadisədən sonra sentyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib:

“Buna baxmayaraq, həmin hadisədən sonra ev sahibi müxtəlif vaxtlarda evimə gəlib, məni təhqir edib, hədələdi. Oktyabrın 1-də isə mən evdə olmayanda, qızımı evdən çıxarıblar. Evin açarını qızımdan alıblar, qapını bağlayıblar”.

Foto: Rahidə Rəhimovanın arxivindən

Ev sahibi Hürümələk Süleymanova Meydan TV-yə bildirib ki, Rahidə Rəhimova ona özünü Raya kimi təqdim edib.

İl yarım onun evində kirayə yaşasa da, vaxtlı-vaxtında pul ödəməyib:

Raya ilyarımdır, başıma oyun açıb. Kirayə pulunu ondan zorla alırdım, hər dəfə də əskik verirdi. Heç bir ayı vaxtlı-vaxtında ödəməyib. 200 manatdan da artıq pul verməyib. Üç aydır ki, kirayə pulunu ödəmirdi. Suyun pulunu da ödəmirdi. Əzizə xanım onu döyməyib. Rayanın borcu yığılırdı. Su 10 manat yazırdı. Bu da 2 manat ödəyirdi, qalıq qalırdı. Beləcə yığılıb 48 manat olmuşdu”.

“Üçüncü ay idi ki, kirayə pulunu ödəmirdi. Sentyabrın 30-da getdim ki, kirayə pulunu nə vaxt verəcəksən? Dedi ki, pul almamışam, verməyəcəyəm. Başladı ki, mən xəstə adamam, pulu dava-dərmanıma verirəm. Kirayə pulu vermirəm, verməyəcəyəm də. Mən də dedim ki, əşyalarını yığışdır, evdən çıx”, – ev sahibi bildirib.

Nəsimi Rayon Sukanal İdarəsinin nəzarətçisi Əmirxan Abbasov Meydan TV-yə deyib ki, Rahidə Rəhimovanın müraciətinə baxılıb və həll edilib:

İki evin bir kodu, iki sayğacı var. Borc bir koda getdiyi üçün Rahidə Rəhimova elə bilib ki, onun borcudur. Əməkdaşımız da ona izah edib ki, siz öz sayğacınız üzrə ödənişinizi etmisiniz. Qalan borcu dərzi və ya ev sahibi ödəməlidir”.

Daxili İşlər Nazirliyi. Foto: DİN

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə bildirib ki, Rahidə Rəhimova sentyabrın 18-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib:

“Rahidə Rəhimova yaşadığı evin qarşısında Əzizə adlı şəxs tərəfindən döyüldüyünü və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib. Müraciət əsasında araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat araşdırması davam etdirilir”.

Ana səhifəSosialBakıda kirayənişin ev sahibi tərəfindən döyüldüyünü deyir