Bakıda əhaliyə maska paylayan inanclıların saxlanıldığı bildirilir

E.Qasımov onu da bildirib ki, aksiyaçılardan “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayev martın 20-də gecə saatlarında yenidən polisə çağırılıb

Source: Foto: Meydan TV


“Sanki insanlara xəstəlikdən qorunmaq üçün maska paylamasını həzm edə bilmirlər”

“Müsəlman Birliyi” Hərəkatının üzvləri martın 20-də Bakının mərkəzində – metronun “28 May” stansiyasının yaxınlığında koronavirusa qarşı mübarizə aksiyası keçirərkən saxlanılıblar. Meydan TV-yə hərəkatdan verilən məlumatda bildirilir ki, aksiya maarifləndirmə və xeyriyyə məqsədilə keçirilib.

Aksiyanı keçirənlərin əynində üzərində MHB (“Müsəlman Birliyi” Hərəkatı) yazılmış gödəkçələr olub. Onlar insanlara virusdan necə qorunmağın mümkünlüyü əks olunmuş broşürlər və qoruyucu maskalar paylayıblar.

Aksiyaçıların tutulub polis idarəsinə aparıldığı, orada bir müddət saxlandıqdan sonra sərbəst buraxıldığı bildirilir.

image_from_ios.jpg
pulsuz maska paylayanlar

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun sözlərinə görə, polis idarəsində deyilib ki, bu cür sosial aksiyalar üçün də əvvəldən müvafiq orqanlardan icazə alınmalıdır: “Bundan sonra belə tədbirlər olarsa, əvvəlcədən müraciət edib icazə alınması tövsiyə olunub”.

E.Qasımov onu da bildirib ki, aksiyaçılardan “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayev martın 20-də gecə saatlarında yenidən polisə çağırılıb:

“Sanki insanlara xəstəlikdən qorunmaq üçün maska paylamasını həzm edə bilmirlər”.

S.Babayevin Sabunçu rayonu, 14-cü polis bölməsinə getdiyi və orada saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyindən deyilənlərlə bağlı rəy almaq mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir.

image_from_ios (1).jpg
pulsuz maska paylayanlar
Ana səhifəSiyasətBakıda əhaliyə maska paylayan inanclıların saxlanıldığı bildirilir