198 ölkədən nümayəndə heyətinin gəldiyi deyilir
Bu gün Bakıda start götürən BMT-nin Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP) 29-cu sessiyasına dünyanın 198 ölkəsindən nümayəndə heyətinin gəldiyi bildirilir.
Tədbirə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend ilə bərabər bir sıra ölkələrin başçıları qatılıb.
Artıq Belçika Krallığının Baş naziri Aleksandr De Kro, Finlandiyanın Prezidenti Aleksandr Stubb, Nepalın Prezidenti Ramçandra Paudel, Zimbabvenin Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Qvineya-Bisaunun Prezidenti Umaru Sisoku Embalo, Konqonun Prezidenti Deni Sassu-Nqesso, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, İqlim Komissarı Vopke Hoekstra, Əfqanıstandan Talibanın nümayəndə heyəti, Surinamın Prezidenti Çandrikapersad Santoxi, Monteneqronın Prezidenti Yakov Milatoviç, Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Belarusun Prezidenti Aleksandr Lukaşenko, Butan Krallığının Baş naziri Tişerinq Tobqay, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Efiopiyanın Prezidenti Taye Atske Selassie, Slovakiyanın Prezidenti Peter Pelleqri, Tuvalunun Baş naziri Feleti Teo, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Qananın Prezidenti Nana Addo Dankua Akufo-Addo, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçin Azərbaycanda olduğu təsdiqlənib.
Həmçinin, İtaliyanın Baş naziri Corcia Meloninin, Böyük Britaniyanın Baş naziri Keir Starmerin altı əsas nazirlə birlikdə gələcəyi gözlənilir.
ABŞ-dən Ağ Ev müşaviri John Podesta sammitdə iştirak edəcək.
Amma Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycanla gərgin münasibətlər səbəbindən, Almaniya Kansleri Olaf Şoltsun ölkədaxili siyasi böhrana görə, Braziliyanın Prezidenti Luiz Inácio Lula da Silvanın isə səhhəti ilə bağlı tədbirdə iştirak etməyəcəkləri deyilir.
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Konfransı başlayıb.
Tədbirin noyabrın 22-dək davam edəcəyi bildirilir.