Bakıda avtomobil icarə salonu müştəridən “22 dəfə qaz vermisən” adı ilə 1100 manat tələb edib

Foto: Pexels

Lənkəran sakini Saleh Miriyev Bakıda yerləşən avtomobil icarəsi salonunda aldadıldığını bildirir. Onun sözlərinə görə, hadisə fevralın 14-də Yeni Yasamal ərazisində fəaliyyət göstərən “Fa Rentacar”da baş verib.

Miriyev deyir ki, avtomobili kirayə götürərkən imzaladığı müqavilənin nüsxəsi ona təqdim olunmayıb:

“Sürücülük vəsiqəmi girov kimi götürdülər. 110 manat ödəyərək bir günlük ‘Ford Mustang’ kirayələdim. Axşam saat 6 radələrində salondan zəng etdilər və kilometraj limitini aşdığımı bildirərək avtomobili qaytarmağımı istədilər. Dedim ki, limiti keçmişəmsə, əlavə ödəniş etməyə hazıram”.

“Dedilər ki, 22 dəfə qaz vermisən, hər biri 50 manatdan hesablanır”

Şikayətçinin sözlərinə görə, avtomobili geri qaytardıqdan sonra ondan kilometraj limitini aşdığı üçün 50 manat tələb olunub:

“Üzərimdə cəmi 30 manat vardı, onu verdim və sürücülük vəsiqəmi istədim. Dedilər ki, guya maşının alt hissəsini zədələmişəm və avtomobil servisdədir. Bu hadisələr bir neçə dəqiqənin içində baş verdi. Sonra bildirdilər ki, dəymiş zərər 800 manatdır. Servis rəyi istədim, vermədilər. Ardınca dedilər ki, guya avtomobilə 22 dəfə qaz vermişəm, hər biri 50 manatdan hesablanır və ümumi məbləğ 1100 manat edir”.

“Polislər dedi ki, ya pulu ver, ya da bölməyə gedək”

Saleh Miriyev bildirib ki, tələb olunan məbləğin yalnız 200 manatını ödəyə bilər və salon rəhbərliyi bununla razılaşıb. Lakin pulu bankdan çıxarıb, təkrar salona gedəndə, orada polis əməkdaşları ilə qarşılaşıb:

“Salonun müdiri mənə 300 manat da ödəməli olduğumu dedi. Etiraz etdim və salon sahibinə xatırlatdım ki, 200 manat barədə razılaşmışıq. Dedim ki, 500 manatı ödəməzdən əvvəl avtomobilin altına baxmaq istəyirəm. Buna cavab olaraq dedilər ki, buna vaxt yoxdur, ya razılaşmalıyam, ya da məsələ bölmədə araşdırılacaq. Salon sahibi də dedi ki, bölməyə getsəm, daha çox pul ödəyəcəyəm. Məcbur qalıb 500 manatı ödədim”.

Şikayətçi iddia edir ki, salon rəhbərliyi polis əməkdaşları ilə əlbir olaraq müştəriləri aldadır:

“Dedilər ki, maşın servisdədir və əlavə xərclər çıxıb. Hadisədən iki gün sonra, fevralın 16-da isə salon əməkdaşı ‘TikTok’da canlı yayım açmışdı. Başqa profildən yazaraq həmin avtomobili yenidən kirayələmək istədiyimi bildirdim. Cavab verdilər ki, gəlib götürə bilərəm. Bununla da məni aldatdıqlarına əmin oldum”.

Salon rəhbəri: “Vətəndaş yalnız məbləğin bir hissəsini ödəyib”

“Fa Rentacar”dan Meydan TV-yə bildirilib ki, Saleh Miriyevə müqavilənin nüsxəsi təqdim olunub, lakin o, sənədi götürməyib. Redaksiyanın müqavilənin surətini təqdim etmək xahişinə isə cavab verilməyib.

Özünü təqdim etməyən salon rəhbəri bildirib ki, sürücülük vəsiqəsi polis əməkdaşlarının iştirakı ilə həmin gün vətəndaşa qaytarılıb və heç bir müştərinin sənədi saxlanılmır. Onun sözlərinə görə, zərər usta ilə görüntülü zəng vasitəsilə izah olunub və vətəndaş yalnız məbləğin bir hissəsini ödəyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin mövqeyini öyrənmək mümkün olmayıb

Hüquqşünas: sürücülük vəsiqəsi girov ola bilməz

Hüquqşünas Fariz Namazlı bildirib ki, belə hallarda müqavilədə bütün şərtlər aydın göstərilməlidir:

“Müqavilədə kilometraj limiti, istifadə müddəti və məhdudiyyətlər açıq yazılmalıdır. Şirkət heç bir halda sürücülük vəsiqəsini girov kimi saxlaya bilməz, girov yalnız pul ola bilər. Avtomobil qaytarılarkən texniki baxış keçirilməli və zərər rəsmi sənədlə təsdiqlənməlidir. Şifahi şəkildə məbləğ tələb etmək qanunsuzdur”.

Ana səhifəSosialBakıda avtomobil icarə salonu müştəridən “22 dəfə qaz vermisən” adı ilə 1100 manat tələb edib