Həmzə Məmmədli ona verilən ittihamları əsassız sayıb
Almaniya vətəndaşı olan azərbaycanlı Həmzə Məmmədli 6 il azadlıqdan məhrum edilib.
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, Həmzə Məmmədli Cinayət Məcəlləsinin 214.2 (terrorçuluğa acıq çağırış) və 281.2 (bir qrup şəxs tərəfindən dövlət əleyhinə acıq çağırış) maddələrilə təqsirli bilinib.
O, 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra internetdə bu hadisə ilə əlaqəli çağırışlarda ittiham olunur.
33 yaşlı Həmzə Məmmədli 2015-ci ildən Almaniyada yaşayıb.
Orada Tibb Kollecində təhsil alıb, xəstəxanada işləyib.
2023-cü ilin əvvəlində Almaniya vətəndaşı olan Həmzə Məmmədli bir neçə ay sonra öz toyunda iştirak etmək üçün Bakıya gəlib və elə aeroportda saxlanılıb.
Ona deyilib ki, 2018-ci ildən axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
İş materiallarında sübut kimi, “Facebook” sosial şəbəkəsindəki “Hamam Times” səhifəsindəki paylaşıma yazılmış şərh göstərilib.
Yanvarın 7-də məhkəmədə prokuror Həmzə Məmmədlinin 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkilləri isə onun təqsirsiz olduğunu bildirib və bəraət verilməsini xahiş ediblər.
Həmzə Məmmədli də son sözündə ittihamların əsassız olduğunu deyib.
O bildirib ki, Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovu tanımır, onunla əlaqəsi olmayıb.
Heç vaxt da onunla bağlı çağırış etməyib.
Həmzə Məmmədli məhkəmədən ədalətli qərar istəyib.
Hakimlər isə bir neçə dəqiqə sonra onun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.