Bakıda aktyor və həyat yoldaşının qətlə yetirildiyi bildirilir

Polis. Foto: DİN

DİN hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını deyir

Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, hadisə ilə əlaqədar polisə oktyabrın 22-də məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Bildirilir ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İosif Tkaç kimdir?

İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib.

1997-ci ildən Səməd Vurğun adına Rus Dram teatrının aktyoru olub.

Traktorçu (A.Ostrovski “Krasaves-mujçina”), Qulaməli (Hidayət “Mənzil”), Fuşe (“Napoleon I” F. Brukner), Selzdon (M. Freyn “Teatr”), Professor Əliquluzadə (Elçin “Poçt şöbəsində möcüzələr”), Yeger (Q. Qorin “Kral oyunları”), Padşah (Y. Çernyak “Vasilisa Prekrasnaya”) kimi rolları canlandırıb.

“Nigarançılıq” televiziya tamaşasında çəkilib.

İosif Tkaçın həyat yoldaşı Lyudmila Mixaylovna Tkaç 2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ana səhifəXəbərlərBakıda aktyor və həyat yoldaşının qətlə yetirildiyi bildirilir