Tərəflər yenə bir-birini ittiham ediblər
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən mövqelərinin 23 dəfə atəşə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərindəki mövqelərindən Kəlbəcərin İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsənin Astaf, Gədəbəyin Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atəşə tutub.
Nazirlik Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqelərinin də fasilələrlə atəşə tutulduğunu bildirib.
“Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir. Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi Yerevanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür“, – deyə MN əlavə edib.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan Müdafiə Nazirliyini dezinformasiya yaymaqda ittiham edib.
Nazirlik bildirib ki, martın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri guya Ermənistanın şərqində yerləşən Azərbaycan mövqelərini atəşə tutublar:
“Əslində, Azərbaycan sərhədi ilə bağlı dedikləri reallığa uyğun gəlmir“.