Bakı Şəhər Yol Polisi İdarəsi şərəf və ləyaqətə görə cəzalandırıldı

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunurdu ki, yol polisi reyd zamanı B.Bayramovun idarə etdiyi avtomobilə “saxla” əmri verib, çünki həmin vaxt o, qaydanı pozub

Foto: Bəhruz Bayramovun şəxsi arxivindən


Vəkil Bəhruz Bayramovun apelyasiya şikayəti təmin olundu

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etməsi barədə məlumat və görüntüləri telekanallara, saytlara yaydığına görə cəzalandırılıb. Yasamal Rayon Məhkəməsi vəkil Bəhruz Bayramovun bu məsələ ilə bağlı iddiasını təmin etməsə də, Bakı Apelyasiya Məhkəməsi fərqli qərar verib. Hakim Rauf Talışinskinin sədrliyilə keçirilən prosesdə vəkilin apelyasiya şikayəti qismən təmin olunub. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi vəkil haqqında yaydığı məlumat və görüntülərə görə 1000 manat cərimələnib.

B.Bayramov yol polisinin onun haqqında yaydığı məlumat və görüntülərə görə ötən ilin avqustunda Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. Vəkil Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən üzr, təkzib və 300 min manat təzminat tələb edirdi. Vəkilin sözlərinə görə, telekanallarda, saytlarda onun haqqında “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanmış yazı və videolarla onun şərəf və ləyaqəti təhqir olunub, işgüzar nüfuzuna zərbə dəyib. Həmin videoları Yol Polisi İdarəsi çəkib və Daxili İşlər Nazirliyi də mediaya yayıb.

Yayılan materiallarda iddia olunurdu ki, B.Bayramov avtomobili sərxoş vəziyyətdə idarə edib. Vəkilin sərxoşluq müayinəsinə gətirilməsi, orada müayinədən keçirilməsi barədə görüntülər də telekanallarda nümayiş etdirilmişdi.

“Mən vəkiləm, bu cür materiallar hüquqlarını müdafiə etdiyim şəxslər, onların yaxınlarının yanında nüfuzuma zərbə vurur. Hüquqi yardım üçün mənə müraciət etmək istəyən adamların fikirlərinə təsir edir. Bu mənada, haqqımda yalan məlumat yaymaqla, mənə həm maddi, həm də mənəvi zərər vurulub. O zərərin də ödənilməsini tələb edirəm”, – B.Bayramov Meydan TV-yə bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunurdu ki, yol polisi reyd zamanı B.Bayramovun idarə etdiyi avtomobilə “saxla” əmri verib, çünki həmin vaxt o, qaydanı pozub: “Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib”.

B.Bayramov Meydan TV-yə danışır ki, yol polisinin tərtib etdiyi inzibati xəta protokolu əsasında ona cəza təyin edilməsi üçün məhkəməyə müraciət olunub. Lakin məhkəmə yol polisinin müraciətini üç dəfə geri qaytarıb. Vəkilin sözlərinə görə səbəb də sübut çatışmazlığı olub. Sonda Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi özlərinin başladığı inzibati xəta işinə xitam verib. Xitam qərarı vəkilə də təqdim olunub.

B.Bayramov iddia ərizəsində həmin gün baş verənləri təsvir edərək göstərib ki, ailə üzvlərimdən birinin ad gününü restoranda qeyd edəndə spirtli içki qəbul etdiyinə görə “Ayıq sürücü” xidmətindən istifadə edib. Oradan sürücü çağırıb ki, onun maşınını idarə etsin. Onları evinə qədər də həmin sürücü aparıb. Sürücü onları düşürüb gedəndən sonra evinin yaxınlığında yol polisləri yaxınlaşaraq, kobudluqla ondan sənədləri alıblar. Avtomobili sərxoş halda idarə etdiyini söyləyərək, onu zorla müayinə məntəqəsinə aparıblar.

“Məni zorakılıqla öz avtomobillərinə əyləşdirib apardılar. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda bıabır eləyəcəyik səni”, – deyə vəkil iddia ərizəsində yazıb.

Vəkil bildirir ki, ona böhtan atılmasının ən əsas sübutu “Ayıq sürücü” xidmətinin arayışıdır. Arayışda 20 oktyabr 2018-ci ildə B.Bayramovun bu xidmətdən istifadə etdiyi göstərilib.

B.Bayramov Bakı Apelyasiya Məhkəməsinin 1000 manatlıq təzminat qərarıyla da razılaşmır. Bildirir ki, həm kompensasiyanın məbləği çox azdır, həm də üzr və təkzib də onun üçün vacibdir. Bu üzdən də Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Ana səhifəSiyasətBakı Şəhər Yol Polisi İdarəsi şərəf və ləyaqətə görə cəzalandırıldı