Bakı sakini: Konstitusiyanı pozduqlarını dedim, əvəzində təhqir eşitdim

O hesab edir ki, tikinti şirkətləri icra hakimiyyətinə güvənərək özbaşınalıq edir.

Source: Specify Source


Mansur Ələkbərov məhkəmə iddiasında Nəsimi Rayon İcra Hakimiyyətini cavabdeh qismində qoyub

“Ermənilərin Qarabağda törətdiklərini Bakıda özümüzünkülər mənim başıma gətirdi. Onlar oradakı əmlakları yerlə-yeksan eləyiblər, bunlar da mənim sənədli-sübutlu mülkiyyətimi”, – Bakı sakini Mansur Ələkbərov məhkəməyə iddia ərizəsində belə yazıb.

O, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 53 ünvanında yerləşən 95 kvadrat metrlik mənzilin sahibidir. Əlində mülkiyyət hüququnu təsdiqləyən çıxarış da var. Deyir ki, mənzili məhkəmə qərarı olmadan sökülüb. Onun yerində hündürmərtəbəli yaşayış binası tikiləcək.

Mənzili sökülərkən içində əşyalar olduğunu, bu üzdən mənzillə yanaşı, daşınan əmlakından da məhrum edildiyini deyən Mansur Ələkbərov məhkəməyə müraciətində evinin bərpasını, əşyalarla əlaqədar maddi ziyana görə 27 min manat, mənəvi ziyana görə isə 150 min manat təzminat tələb edir. Bu məbləğin ərazidə tikintini aparan “Olympus Park” və “Marin Group” MMC-dən tutulub ona ödənilməsini istəyən mənzil sahibinin daha bir tələbi isə evini onun razılığı, hər hansı məhkəmə qərarı olmadan sökənlərin cəzalandırılmasıdır. İddia ərizəsində xahiş edib ki, həmin şəxslər barəsində xüsusi qərar çıxarılsın və cinayət işi başlanması üçün Baş Prokurorluğa göndərilsin.

Untitled design (8).png
O hesab edir ki, tikinti şirkətləri icra hakimiyyətinə güvənərək özbaşınalıq edir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 21 oktyabr 2016-cı il tarixli sərəncamı var ki, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən 1.21 hektar ərazidəki tikililər sökülərək, yerində çoxmərtəbəli binaların tikintisi üçün tikinti şirkətinə icarəyə verilsin. Əvvəlki tikililərdə yaşamış sakinlər yeni binalar hazır olana qədər şirkətin hesabına kirayə evlərlə təmin olunsun. Yeni binalar hazır olanda isə qarşılıqlı razılaşma əsasında evlə təmin edilsinlər.

Mansur Ələkbərov məhkəmə iddiasında Nəsimi Rayon İcra Hakimiyyətini cavabdeh qismində qoyub. O hesab edir ki, tikinti şirkətləri icra hakimiyyətinə güvənərək özbaşınalıq edir.

“Mən özünü şirkətin rəhbərliyi kimi təqdim edən şəxslərlə Nəsimi bazarı deyilən ərazidə – “Marin Group”un ofisində görüşdüm. Məni təhqir edib, alçaldıb ofisdən qovdular. Mən onlara mülkiyyətimi dağıtdıqlarını, Konstitusiyamızı pozduqlarını dedim. Əvəzində təhqir olundum. Mən heç vaxt bu təhqirləri onlara bağışlamayacağam. Mən və ailəm pərişan vəziyyətdəyik, nə edəcəyimizi bilmirik, küçələrdə qalmışıq”, – Mansur Ələkbərov bildirib.

Nəsimi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra hakimiyyəti sadəcə, sərəncam verib. Sakinlərlə danışıqları tikinti şirkətləri özləri aparır.

Tikinti şirkətlərindən isə bildirilib ki, müqavilələrdə sakinlərə pul ödənilməsi yox, onların yeni tikilən binalarda mənzillə təmin olunması, o vaxta qədər isə şirkətin hesabına kirayə qalmaları nəzərdə tutulub. Ona görə də pul ödənilmir.

unnamed.jpg
Nəsimi Rayon İcra Hakimiyyəti
Ana səhifəSosialBakı sakini: Konstitusiyanı pozduqlarını dedim, əvəzində təhqir eşitdim