Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb

Foto: AZAL

AZAL-ın bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysi də Kovyor” planı səbəbindən ləğv edilmişdi

Azərbaycan Hava Yolları (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL yanvarın 8-nə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini də ləğv etmişdi. AZAL-ın yaydığı məlumatda deyilirdi ki, bu qərar Kazan üzərində “Kovyor” planı (hava məkanının bağlanması) səbəbindən qəbul edilib.

Bundan əvvəl Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayılmışdı.

Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb.

Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub.

Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb.

Ana səhifəSosialBakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb