1 saylı Bakı İstintaq Təcridxanası siyasi məhbus kimi tanınan şəxslərin saxlanıldığı yer olduğundan daim ictimaiyyətin diqqətindədir. Hazırda “Meydan TV işi”nə görə həbs olunan jurnalistlər də daxil olmaqla xeyli sayda jurnalist və ictimai-siyasi şəxs burada cəza çəkir. Bu səbəbdən də Meydan TV BİT-dəki rüşvət hallarını araşdırıb. Hər bir fakt orada saxlanılan jurnalistlər və yaxın müddətdə azadlığa qovuşmuş keçmiş məhbuslar tərəfindən dəqiqləşdirilib.
Tüklü ət, soyulmamış kartof
Məhbuslar deyir ki, bayram günləri ən çox ət xörəkləri verilən vaxtdır. Adətən bu günlərdə daha çox kameradan yemək (“balanda” adlanır) götürüldüyünü görmək olur. İşçi məhkum yemək götürüb-götürməməsindən asılı olmayaraq, bütün kameraların qapısına yaxınlaşıb xörəyi təklif etməlidir. Məhbusların sözlərinə görə, son aylar xörəyin tərkibi yaxşılaşdırılıb, ətli, toyuqlu yeməklərin verildiyi günlərin sayı çoxalıb. Ümumilikdə qida rasionu nə yerli qanunvericiliyə, nə də Avropa Penitensiar qaydalarına uyğundur.
Saxlanılan şəxslərin daim təmin olunduğu ərzaqlar bunlardır: çörək, şəkər, yağ, yumurta, kartof, soğan, sarımsaq, alma, armud, şirə. Qış aylarında kələm və çuğundur da təklif olunurdu. Ara-sıra yuyucu-gigiyenik vasitələr də verilir. Təbii ki, özünü təmin edən kameraların götürmədiyi ərzaqların taleyi naməlumdur.
Bişirilən yeməyin keyfiyyəti ilə maraqlanmağımız bayram günlərinə təsadüf edir. “Balanda” ilə maraqlanan məhbus jurnalist həmin gün toyuq sousundan yemək istəyib. “Çömçədə iki toyuq budu, göyərti, kartof görünürdü. Ancaq budların dərisi üzərindəki tüklər daha çox gözə dəyirdi. Toyuq yaxşı təmizlənməmişdi, bişməkdən ağarmış tüklər biz-biz boylanırdı”, – jurnalist deyir.
Onun sözlərinə görə, yemək paylayan işçi məhkum boşqaba qoymaq üçün tüksüz toyuq əti gəzərkən bu dəfə də çömçəyə soyulmadan bişirilmiş kartof düşüb:
“Özünü itirən işçi məhkum onsuz da görünüşündən çirk tökülən yaşıl bidonun (“katyol” adlanır) dibinə bir də çömçə vurdu. Yox, bu dəfə də çömçəyə düşən kartof soyulmamışdı. Əlacsız qalan işçi İsgəndər adlı aşpazın qarasına deyindi”.
Öyrəndik ki, aşpazlar məhkum olsa da, yeməyin keyfiyyətinə BİT-in təsərrüfat üzrə bölmə rəisi Şamil adlı şəxs nəzarət edir. Vəziyyətdən görünən odur ki, bu şəxs heç xörək bişirilən qazanın qapağını belə açmır. Araşdırmalarımız göstərir ki, onu daha çox qazanc maraqlandırır. Axı əsas “işi” başqadır. Nəticədə həm ərzaqdan normal istifadə olunmur, həm də “balanda”nın ümidinə qalan onlarla məhbus keyfiyyətli yemək yemir.
Məhbusların rəis müavininə qəzəbi
Bütün türmələrin ən gəlirli yeri görüş otağı və təsərrüfat (“xoz” adlanır) hissəsi sayılır. BİT-də “xoz”a nəzarət təlim işləri şöbəsinin rəisi Orxan adlı şəxsin ixtiyarındadır. O da rəis müavini Əhəd Abdiyevin tabeliyindədir. Görüş yerinə isə həm də istintaq otağının rəisi olan Şəhriyar Abbasov nəzarət edir. BİT-də əsas gəlir yeri kimi “xoz” görülür və bütün qərarları Əhəd Abdiyev verir. Görüş hissəsi vaxtilə daha gəlirli yer sayılırdı, indi vəziyyət dəyişib. Bu barədə bir qədər sonra.
Məhkumlar deyir ki, Əhəd Abdiyev digər müavinlərdən daha ziyalı görünüşlü və mədənidir. O da jurnalistləri sevmir, qarşısındakını aşağılamaq üçün “sizi heç kim tanımırdı, tutub okeanın o tayına tanıtdılar” – deməkdən çəkinmir. Cavid Güləliyevdən fərqli olaraq hədə-qorxu gəlmir, söymür, daha çox psixoloji basqı edir. Təkəbbürlü görünüşü məhbuslarda etibar yaratmır, “pambıqla baş kəsən” təsiri yaradır. Onun adı pula meyllilikdə hallanır. Yəqin ki, bu da işçi məhkumların qazancına nəzarətindən irəli gəlir.
“Məsələn, Cavid Güləliyev “məhbusun 5 manatına möhtacsız” deyib rejim rəislərini aşağıladığı halda, Ə.Abdiyev qazanmaları üçün şərait yaradır”, – keçmiş məhkumlardan biri deyir.
Yeri gəlmişkən, Əhəd Abdiyevin yaxın günlərdə “Tubzon” kimi tanınan müalicə müəssisəsinə rəis təyin olunacağı bildirilir. O, BİT-də rəis Elnur İsmayılovun ən etibarlı adamlarından hesab olunur. Bu səbəbdən də pul işi ona həvalə edilib.
Qayıdaq gəlirlərə. Bu günlərdə azadlığa çıxmış keçmiş işçi məhkumlardan biri Meydan TV-yə danışır ki, hər işçi məhkumun öz xərci var. Əldə etdiyimiz məlumata görə, müəssisədə ümumilikdə 120 işçi məhkum var. Onların təxminən 40 faizi adı işçi kimi qeydiyyata alınan, özü heç bir iş görməyən imkanlı şəxslərdir. Bu faiz hər səhər sayıma (“razvod” adlanır) çıxan işçi məhkumlarla yanaşı sırada (arada ağ xətt var) dayanan şəxslərin sayına baxmaqla müəyyənləşdirmək olur. Onlar işə çıxan məhkumlar kimi yaşıl jilet geyinmirlər. Səliqəli geyimdə, əli cibində müəssisənin həyətində gəzişən, yaxud “xoz” işçiləri üçün nəzərdə tutulan binanın həyətindəki söhbətgahda əyləşib domino, nərd oynayan bu adamları görəndə onların da məhkum olduğuna şübhə edirsən. Bu “burjuy işçilər” “xoz” əməkdaşı olmaq üçün 2-3 min manat ödəniş edirlər.
İşçi məhkumların aylıq məvacibi 340 manatdır. Əksəriyyəti maaş kartını ailəsinə verib, özü BİT-dəki qazancı ilə dolanır. Formal işçilər isə maaş almır, onların yerinə məvaciblərini BİT rəhbərliyi götürür. Bu məbləği yuvarlaqlaşdırsaq, ayda təxminən 15 min manat edir. Bundan başqa, formal işçilər hər gün telefon və digər xərclər üçün ödənişlər edir. “Xoz”da bu ödənişləri Əhəd Abdiyevin qeyri-qanuni “köməkçiləri” Araz və Ramiz adlı nəzarətçilər alır.
İşçi məhkumlardan yalnız biri qadındır və o, qadın korpusunda qalır. Başqa bir qadın isə könüllülük əsasında ona yardım edir. Onların hər ikisi qadın həbsxanasına getməmək üçün “xoz”da işləməyə başlayıblar. Ümumiyyətlə, BİT-də 5 ilədək iş alan məhkumlar “xoz”da çalışa bilərlər. Üstəlik bu, onların ilk məhkumluğu olmalıdır. Qadın işçilər müəssisədaxili dükanlara (“laryok” adlanır) gedə bilməzlər. Alış-verişə kişi işçi məhkumlar baxır.
İşçi məhkumlar həftəsonu bölmə rəisi Şamilə onlara təyin olunmuş məbləği ödəyirlər. Gördükləri işə görə məbləğlər də dəyişir. Yığılan pullar Orxana ötürülür. Məsələn, “laryok”da işləyən məhkumlar ayda 85 manat ödəyir. Gündəlik xərcləri isə 10 manata çatır. Buna “xoz” nəzarətçilərinə verilən pullar da daxildir. Bu, məcburi olmasa da, verilməyəndə gözümçıxdıya salınırlar. Xüsusilə Araz adlı nəzarətçi pul verməyən işçi məhkumu daha ağır işlərə yönləndirir.
Ən çox qazandıranlar məhbuslara sovqat daşıyan işçilərdir. Çünki sovqat alan şəxs onu daşıyan işçini əliboş yola salmır. “Taçkovoz” adlanan bu işçilər hər günə uyğun ödəniş edirlər. Yəni gündəlik ödəniş 6 manat, həftəsonu (şənbə-bazar) ödəniş 14 manatdır. Ümumilikdə həftəlik 52 manat ödənilir.
Bir də təcridxanadakı “burjuy korpuslarda” işləyən məhkumların ödənişləri yüksəkdir. Onlar həmin korpuslarda və daha qazanclı ağır olmayan işlərdə işləmək üçün də pul ödəyirlər. Məsələn, “laryok”da işləmək üçün 300, “burjuy korpus”lar üçün 500 manat ödəyirlər. Məhkumlar deyirlər ki, bu pullar Şamil vasitəsilə Orxana ödənilir. “Balanda” və təmizlik işlərinə əsasən narkotik istifadəsi ilə tutulanlar cəlb olunur. Onlar bu iş üçün pul ödəmirlər. Çünki qazancları olmur, yalnız digər işçi məhkumların istəyi ilə iş görəndə müəyyən ödəniş əldə edirlər.
Məhkumlara yaşıl jilet də pulla verilir. Bunun üçün 10 manat ödəyirlər.
Pulun varsa, kef elə
Səkkizguşəli binadakı 8-ci korpusun 1-ci, 5-ci korpusun 1-ci və 2-ci korpusun 1-ci mərtəbələri “burjuy korpus” sayılır. Həbs olunan bütün imkanlı, vəzifəli adamlar məhz bu korpuslarda saxlanılır. Əvvəllər hər korpusda ən azı bir “burjuy” saxlanılırdısa, indi hamısı məhz bu 3 korpusdadır. Məqsəd xərclərin bir yerdə cəmləşdirilməsidir. Bu korpuslarda saxlanılanlar kameralarında hər şəraiti yaradırlar. Onların gəzinti yeri (“proqul” adlanır) gün ərzində açıq qalır. Digər kameralarda axşamlar bağlanır. Ümumiyyətlə, pullu məhbuslar üçün bütün həbsxanalarda xüsusi şərait yaradılır. Bu məhbuslar rahat gəzirlər. Bu gəzintinin qiyməti saatından asılı olaraq dəyişir və aylığı min manatdan başlayır.
Nəzarətdə olan heç bir məhbus pulu olsa belə bu imtiyaza sahib deyil. “Burjuy” adlanan imkanlı məhbuslar adətən 2-3 vəkil tuturlar. Bu vəkillər növbəli şəkildə gündəlik onların yanına gəlir, günün sonunadək istintaq otağında birgə vaxt keçirirlər. Siyasi məhbusların vəkilləri yoxlamaya məruz qalıb, otaqdan kənara çıxa bilmədiyi halda (qapı arxadan bağlanır), “burjuy”lar üçün otaqlarda süfrə açılır. Bunlara nəzarət Şəhriyar Abbasovun ixtiyarındadır. “Burjuy korpus”dakı işçi məhkum özünə 2 köməkçi götürür. Onlardan biri təmizlik işinə baxır, digəri yemək hazırlayır.
Məhkumlar deyir ki, “burjuy”larla bağlı bütün qərarları Elnur İsmayılov verir. Ümumiyyətlə, müəssisədə hər xırda məsələ belə onun göstərişi olmadan həyata keçirilmir.
Nəzarətçilər neçə qazanır?
Bütün korpuslarda ödənişləri korpus üzrə rejim rəisləri ilə korpusun baş nəzarətçisi toplayır. Kimin hansı korpusda və kamerada qalacağına rəis Elnur İsmayılov qərar verir, bunun “xərcləri” təqsirləndirilən şəxs kameraya çatıncayadək həll olunur. Korpusun rejim rəisləri isə gündəlik telefon xərcləri, kameradakı əşyalar, nəfəsliyin açıq qalması, qapının açıq qalması kimi məsələlərə görə pul alır. Bu pul baş nəzarətçi ilə bölünür. Daha 20 faiz problemlər şöbəsinin həmin gün üçün növbətçisinin, 20 faizi həmin günki nəzarətçisinin payına düşür. Rejim rəislərinin əksəriyyəti məhbusların istifadə etdiyi “Tac” telefon kartlarını işçi məhkumlar vasitəsilə satdırırlar. Tək-tük rejim rəisləri bu işin qazancını da bütünlüklə işçi məhkuma həvalə edir. Nəzarətçilərin növbəbaşı qazancı 20-30 manatdır. Hər növbə 2-3 gündən bir olur. Əməliyyatçılar isə təhkim olunduqları korpusun rejim rəislərindən həftəlik 20-50 manat alırlar. Bu rəqəm korpusdakı məhbusların maddi durumuna, yəni rejim rəisinin qazancına uyğun dəyişir.
Digər məhbuslardan fərqli olaraq işçilər ayda 1 dəfə ailələri ilə görüntülü danışa bilirlər. Hər kameranın öz danışıq günləri var. Başqa günlərdə danışmaq istəyənlər 5 manat ödəniş edirlər. Bu, növbəsi çatan məhkumun vaxtına müdaxilə ilə nəticələndiyindən narazılıq yaradıb. Çünki iş başında olan məhkum başqa vaxt gələ bilmədiyindən danışıq gününü dəyişdirmək məcburiyyətində qalıb. Buna görə də Əhəd Abdiyev əlavə danışıqları yasaqlayıbmış. Məhbusların sözlərinə görə, yenidən pullu xidmət bərpa olunub.
Təqsirləndirilən şəxslər (siyasilərdən savayı) də qanuni danışıqdan kənar zəng üçün 5 manat ödəniş edirlər.
Onu da öyrəndik ki, BİT-in əvvəlki rəislərinin dövründə rejim rəisləri aylıq “hesab” ödəyiblər. Elnur İsmayılov rəis təyin olunduqdan sonra bu ödənişləri ləğv edib. Heç bir rejim rəisi qazancını özündən üst vəzifəlilərlə bölüşmür. Görünən odur ki, təcridxana rəisi həm işçisini dolandırmaqla daxili narazılığın qarşısını alır, həm də xırda gəlirlərlə adını korlamır.
Qadağandırmı?
Qadağan olunmuş əşyaların yoxlanma bölməsi rüşvətə ən açıq bölmələrdəndir. Bir müddət öncə bu bölmənin işçiləri Meydan TV əməkdaşlarının kamerasına baxış keçirərkən insident yaşanmış, jurnalistlərə zor tətbiq olunmuşdu. Bu bölmə məhkəmələrə, cəzaçəkmə müəssisələrinə və müalicə mərkəzinə gedib-gələnlərin üzərinə baxış keçirir, həmçinin kameralara qəflətən gəlməklə yoxlama aparır. Əgər məhkəməyə gedən şəxs “boksda” saatlarla gözləmək istəmirsə, kameradan birbaşa maşına getmək istəyirsə, 10 manat ödəməlidir. Cəzaçəkmə müəssisələrinə gedən məhkumlar da səliqə ilə yığılmış çantasının dağıdılmaması üçün 10 manat ödəyir. Kameralara gələn əməkdaşlar yoxlama aparmamaq üçün 20 manat alırlar.
Əvvəllər bu bölmənin əməkdaşları təqsirləndirilən şəxslərə gələn əşyaları “qanunsuz” adı ilə götürüb sonradan “laryok”lara satdırırmış. Məhkum olmuş şəxslər deyir ki, artıq bu hal yoxdur, həmin əşyalar əsasən geri qaytarılır.
Görüşdəsənsə, əlin cibində olsun
Əvvəllər görüşlər adi məhbus ailələri üçün pullu olub. Onlar qapı arxasında uzunmüddətli saxlanılmaması, növbə gözləməməsi üçün 20 manat ödəyiblər. Xeyli müddətdir bu hal aradan qaldırılıb. Bundan başqa, görüş yerlərində çay, şirniyyat satışı da dayandırılıb.
Uzun müddət Penitensiar Xidmətdə çalışandan sonra pensiyaya çıxmış bir zabit deyir ki, Elnur İsmayılov bu addımı ilə yaxşı oyun qurub:
“Görüş yerləri bayırdakı insanların gəldiyi yerdir. Burada rüşvət olarsa, xəbər daha çox yayılar. Elnur İsmayılov işini yaxşı bacarır, gözəl fəndlər işlədir. Görüşdən rüşvəti yığışdırmaqla həm prosesi qapalı məkana daşıyıb, həm də sadə, imkansız məhbus yaxınlarının rəğbətini qazanıb. Onsuz da görüş yerlərindən gələn pullar bir neçə nəfər arasında bölündüyündən xırda məbləğ hesab edilir”.
Artıq 2 aydır ki, açıq görüş hər kəsə verilmir, onsuz da bir görüşdən bir yaxını ilə açıq görüşə çıxan məhbuslar indi bundan da məhrum olunublar.
Rabitəli görüşə Əlifağa və Əfqan adlı nəzarətçilər baxır. Şüşə arxasından olan rabitəli görüş adətən 45 dəqiqə çəkir. Əgər 5 manat ödəyərsənsə, vaxtı uzada bilərsən. Daxili nizamnaməyə görə görüş 4 saatadək çəkə bilər. Əgər məhbus pul verməyə meylli deyilsə, görüşdə adamın çoxluğu bəhanə gətirilir. Pul verən məhbusun görüşü isə digərindən (pul verməyəndən) kəsilərək uzadılır. Bir rabitə otağı var və telefon sayı 9-dur. Eyni hal açıq görüş üçün də keçərlidir. Hazırda bir görüş otağının olmasını bəhanə gətirərək vaxtı azaldıblar.
Yaxınları tərəfindən gətirilən pul şüşə arakəsmədən məhbusa verilir və sayı nəzarətçi bilir. Çünki məhbusa 200 manatdan artıq pul gətirməyə icazə verilmir. Məhbus isə özü istəsə nəzarətçiyə “hörmət” edə bilər. Bu da məcburi deyil. Ancaq bütün hallarda onlar rejim rəislərinə pulun miqdarı barədə məlumat verirlər. Nəticədə görüşdən qayıdan məhbus rejim rəisini “görür”, o da ona xəbər verən nəzarətçini…
Aysberqin görünməyən tərəfləri
İctimai-siyasi şəxslərin çoxluğu BİT-də baş verən nöqsanların aşkara çıxmasına səbəb olur. Qapalı, siyasi məhbus kimi tanınan şəxslərin olmadığı təcridxana və həbsxanalarda da vəziyyət oxşardır. Məsələn, Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında tüğyan edən rüşvət halları ilə yanaşı məhbusların saxlanma vəziyyəti, yeməyin keyfiyyətsizliyi də acınacaqlıdır. Köhnə, açıq tualeti olan kameralara nəzərdə tutulan saydan artıq məhbus yerləşdirilir, əldə olunan qazancın heç bir faizi də onların vəziyyətinin yaxşılaşdırılmasına sərf edilmir. Müstəqil media əslində bir müəssisədəki vəziyyəti göstərməklə ümumi sistemin necə işlədiyini ortaya qoyur. Bu problemin yalnız bir müəssisədə deyil, ümumi sistemdə olmasının göstəricisidir.