“Berbok Almaniyada keçiriləcək seçkiləri çoxtərəfli diplomatiya ilə qarışdırır”
Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29-da iqlim dəyişikliyilə bağlı mübarizənin maliyyələşdirilməsi məsələsində Bakının mövqeyini haqsız sayıb.
Bu barədə Berbok bazar günü “X” hesabında yazıb.
“Avropa İttifaqı olaraq biz tarixi məsuliyyətimizlə üzləşirik. Ancaq iqlim maliyyələşməsi və CO2-nin azaldılması hamıya aiddir. Biz imkan verməyəcəyik ki, kasıb ölkələr prezidentliyin dəstəyilə yeni zəngin emitentlər tərəfindən qarət olunsunlar”, – deyə almaniyalı nazir qeyd edib.
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Annalena Berbokun fikirlərinə “X” hesabında reaksiya verib.
O, almaniyalı nazirin dediklərini qəbuledilməz adlandırıb:
“COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub. Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi”.
Hikmət Hacıyev Berbokun Almaniyadakı seçkiləri diplomatiya ilə qarışdırdığını və buna görə təəssüf etdiyini qeyd edib:
“Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır. Ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır. O həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq”.
“Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – deyə Əliyevin köməkçisi vurğulayıb.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qərara alınan razışmalar arasında 2035-ci ilə qədər ildə 300 milyard dollar dəyərində iqlim maliyyəsinin ayrılmasına qərar verilib.