Repetitor: “Tək mən yox, hamı şikayətlənir”
54 yaşlı kimya müəllimi Lətifə Hacıyeva (ad şərtidir) 18 il öncə həyat yoldaşını itirdiyini, bundan sonra isə evində repetitorluğa başladığını deyir.
Dediyinə görə, o vaxta qədər böyük ehtiyacı da olmayıb. Lakin gün gəlib uşaqlarını tək böyütməli olanda hazırlıqla bağlı təklifləri rədd etməyib:
“3 uşağın təhsili, yeməyi, geyimi vardı. Qardaşım kömək edirdi, amma hara qədər davam edə bilərdi? Ona görə də şagird hazırlamağa başladım. Hazırladığım uşaqlar qəbul imtahanlarından yüksək bal topladıqca, növbəti illər müraciətlərin sayı artırdı”.
Lətifə Hacıyeva deyir ki, son 5 ildə hazırlıq pullarını qaldırmayıb. Hətta hər il imkansız ailələrdən olan 2 uşağı təmənnasız hazırlayıb.
Amma növbəti ildən yeni müraciət edənlər üçün qiymətləri 10 faiz artırmaq niyyətindədir:
“Hətta yaydan başlamaq istəyənlər var, onlara da yeni qiymətləri deyirəm. Narazılıqlar olur, deyirlər ki, bizə bu qiymət deyilməyib və s. İzah edirəm ki, hər şey bahalaşıb, mənlik nəsə yoxdur”.
Müəllimin fikrincə, qiyməti qaldırmamaq üçün xeyli vaxt dirənib:
“Düşünürdüm ki, təhsil sahəsidir, bir tərəfdən də mən qolunu qırmayım, çünki mən də savadlı gələcəyin yetişməsinin tərəfdarıyam. Lakin bacarmadım, artıq dalana dirənmişəm. Hər şey bahalaşıb, hər şey. Uşaqlardan ikisi evlənib, bir qızım hələ oxuyur. Biz bazarlığı həftəlik edirik. Əvvəl həftəyə 50-55 manat kifayət edirdi, indi 100-120 manat çıxır, hələ yenə də çox şeyi almırıq, təxirə salırıq. Müəllim maaşını da bilirsiniz, nəyə çatır? Məcburam mən də qiymətlərlə ayaqlaşım. Ürəyim ağrıya-ağrıya, məcbur qalıram. Başqa çarə qalmayıb. Hələ bunun kommunalı, xeyri, şəri var. Arada nəvələrə dəyməyə gedirəm, nəsə almalıyam. Bir sözlə, yaşamaq xeyli bahalaşıb”.
Azərbaycanda bahalaşma dalğası ötən il dizelin qiymətinin qalxması ilə başlayıb.
İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi. Bahalaşmanın 20 faiz olduğu bildirildi.
Ardınca kənd təsərrüfatı mallarında, ərzaq məhsulları, ət, un, yağ, meyvə və tərəvəzin qiymətində artım başladı.
Noyabrda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik qəbul edildi və bəzi dövlət rüsumlarının məbləği artdı. Bura baytarlıq şəhadətnaməsinin verilməsi, nikahın qeydə alınması, mobil cihaz rüsumları, avtomobil qeydiyyat nişanı rüsumu və s. daxildir.
2021-ci ildə isə bahalaşma ət məhsulları və un məmulatlarının qiymətinin artması ilə davam etdi. Rəsmilər isə bunu dünyada taxılın qiymətinin artması ilə izah edir.
Lətifə Hacıyeva deyir ki, hər bazara gedəndə yeni qiymət artımı ilə qarşılaşır:
“Hər həftə nələrinsə qiyməti qalxır, hələ ucuzlaşdığını görməyib. Tək mən yox, hamı şikayətlənir. Yenə mən həm məktəbdə işləyir, həm uşaq hazırlayıram. Pensiya ilə yaşayanlar, işsiz insanlar var. Görəsən, onlar nə edir? Ərzaq bahalaşması isə günbəgün davam edir”.
İqtisadçı Nemət Əliyev də bildirir ki, Azərbaycan bazarları 37 faizə yaxın bahalaşıb.
Nəticədə bu bahalaşma əhalinin alıcılıq qabiliyyətini məhv edib:
“Pensiyaçıların həyat səviyyəsi orta hesabla 20, muzdla çalışanların həyat səviyyəsi isə orta hesabla 18 faiz pisləşib. 43 faiz artmış əlavə dəyər vergisi üzrə yığımların 90 faizi bahalaşma hesabına təmin edilib”.
İqtisadçının fikrincə, aparılan hesablamalar hökumətin 12,2 faiz səviyyəsində “oformit” etdiyi bahalaşma göstəricisini alt-üst edib:
“Gərək bundan sonra “12,2 faiz bahalaşma” söhbətlərinin altından bir daş, üstündən də bir daş qoyula və unudula. Bu saxta göstəricini ortaya atanlar da, gərək susalar, danışmayalar”.
Nemət Əliyev deyir ki, rəsmi açıqlamaya görə, ƏDV-dən azad olunan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bu ilin I rübündə 16,4 faiz artıb. Bununla kifayətlənsək, ölkə üzrə bahalaşamanın 31 faiz olması təsdiq olunur: “Lakin bu il kənd təsərrüfatı mallarının istehlakçı qiymətlərinin istehsalçı qiymətlərindən üstün artmasına şübhə yoxdur. Bitkiçilik məhsulları içərisində böyük payı olan buğdadan hazırlanan çörək 38 faiz, tərəvəz 56 faiz bahalaşıb. Ötən il bu vaxtlar 70-80 qəpiyə satılan kartof hazırda 1,2-1,4 manata, 65-75 qəpiyə satılan soğan isə hazırda 1 manatadır”.
İqtisadçı bildirir ki, belə bahalaşma şəraitində orta aylıq əməkhaqqı göstəricisi cəmi 11 faiz, orta aylıq pensiya məbləği isə vur-tut 9,4 faiz artıb. Bu səbəbdən 1,7 milyon muzdlu işçinin və 1,2 milyon pensiyaçının həyat səviyyəsi I rübdə müvafiq olaraq 18 və 20 faiz pisləşib: “Buraya sosial yardımları kəsilmiş minlərlə aztəminatlı ailə üzvlərini, heç bir yerdən əməkhaqqı, pensiya, sosial müavinət almayan milyonları da əlavə etsək, bahalaşmadan əziyyət çəkən əhalinin ümumi vəziyyətini tam şəkildə təsəvvür etmək çətin olmaz”.