“Bağçalarda hər kəs işdən azad edilməli, yenidən qəbul keçirilməlidir”

Uşaq bağçası, Daniel Jedzura/shutterstock

Ekspert: “Onlara çatdırmalıyıq ki, siz uşağın başına sillə vura bilərsiz, amma bu, onda psixoloji gərginlik yarada bilər”

“2021-ci ildə uşaq bağçaları Təhsil Nazirliyinə verildi. Bunu müsbət addım kimi dəyərləndirdik. 2011-ci ildə bağçalar icra hakimiyyətlərinə veriləndə də bunu yaxşı addım hesab etmişdik. Qərarlar isti kabinetlərdə, yumşaq kreslolarda verilməməlidir. Ciddi müzakirələrə səbəb olacaq addımlar atılmalıdır. Uşaq bağçaları təhsilin bir pilləsi olaraq qəbul edilməlidir. Biz başa düşməliyik ki, uşaqlar bağçaya vaxt keçirməyə deyil, bilik, bacarıq formalaşdırmağa gedir”.

Bunu Meydan TV-yə təhsil eksperti Kamran Əsədov İsmayıllıdakı 1 saylı uşaq bağçasında baş verən hadisəyə münasibət bildirərkən deyib.

Tərbiyəçi işdən qovulub

Yanvarın 13-də sosial şəbəkələrdə azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən video yayılıb.
Hadisə ictimailəşdirildikdən sonra dövlət qurumları araşdırmalara başlayıb.

Məlum olub ki, 2019-cu il təvəllüdlü uşağı vura tərbiyəçi – müəllim 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır.

Təhsil Nazirliyi tərbiyəçinin işdən qovulması ilə bağlı məlumat yayıb.

“İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib”, – məlumatda bildirilir.

Tərbiyəçi uşağı vurduğunu etiraf edir

Uşağı şiddət görən valideynlər Zülfiyyə Baxışovanın qohumu olduqlarını əsas gətirərək, ondan şikayətçi olmayıblar.

Tərbiyəçi Zülfiyyə Baxışova izahatında bildirib ki, anası bir neçə dəfə uşağın yemək yemədiyini deyib. Buna görə də uşağın yemək yeyərkən videosunu çəkib valideyninə göndərmək istəyib. Tərbiyəçi həmin vaxt körpə sakit dayanmadığı üçün onu vurduğunu etiraf edib. Hadisənin təxminən 10 gün əvvəl baş verdiyini bildirib.

Videonu həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.

Videonu çəkən tələbə təzyiq görür?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində ona gələn bir ismarıcı paylaşaraq videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin vurulan uşağın atası tərəfindən təhsil aldığı kollecdən qovulduğu haqda məlumat aldığını bildirib. Azyaşlının atasının İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu qeyd olunub.



Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə yazdığı şərhində xəbərin həqiqəti əks etdirmədiyini deyib.

Kəmalə Ağazadə, Sputnik.az

“Heç bir direktor və direktor müavini tələbəni qova bilməz. Tələbənin qovulması üçün qanunvericilikdə nəzərdə tutulan müddəlar var. Kiminsə kimdənsə xoşu gəlməməsi və onu kollecdən qovması mümkün deyil”.

İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov isə Meydan TV-yə deyib ki, sözügedən tələbə onların mərkəzində deyil, İsmayıllı Dövlət Humanitar Kollecdə təhsil alır və müavini Rəşid Mirzəliyevlə bağlı yayılanlar həqiqəti əks etdirmir.

“Təhsil Nazirliyi bağçalarda keyfiyyətə nail olmaq istəyirsə…”

Ekspert Kamran Əsədov hesab edir ki, Azərbaycan təhsil sistemində işə qəbul keyfiyyətli deyil. Onun sözlərinə görə, bağçalarda bu kimi zorakılıq hallarının qarşısını almaq üçün ciddi addımlar atılmalı, digər ölkələrin təcrübəsindən istifadə edilməlidir:

“Finlandiyada istər uşaq bağçası, istərsə də məktəblərə işə qəbul zamanı magistratura təhsili mütləqdir. Finlandiyada, Cənubi Koreyada, Sinqapurda təhsil müəssisəsinə istənilən vəzifəyə işə qəbul zamanı “face control” – üz yoxlanışı aparılır. Bunun da səbəbi işə götürülənin simasının uşaqlarda qorxu yaradıb-yaratmayacağını müəyyən etməkdir. Həmçinin işə götürülən adamın ailə vəziyyəti, psixoloji vəziyyəti də araşdırlır. Azərbaycanda isə təhsil sahəsinə işə götürülənlərin yalnız əzbərlədikləri bilikləri yoxlanılır”.

“2011-2021-ci illərdə uşaq bağçaları icra hakimiyyətlərinə verilmişdi. Bu müddət ərzində bir tərbiyəçi, müəllim, rəhbərin işə qəbulu ilə bağlı müsabiqə və müsahibə aparılmayıb. Bu illər ərzində icra hakimiyyətləri kimdən pul alıbsa, onu da uşaq bağçasına tərbiyəçi, müdir, texniki işçi vəzifəsinə qoyub”, – Kamran Əsədov bildirir:

Kamran Əsədov
Foto: Kamran Əsədovun şəxi arxivindən

“Dövlət bağçalarında kameralar yoxdur, təlimin necə aparılması ilə bağlı heç bir yoxlama həyata keçirilmir. Təhsil Nazirliyi bağçalarda keyfiyyətə nail olmaq istəyirsə, ilk növbədə məktəbəqədər təhsil müəssisələrində kamera, təhlükəsizlik sistemi quraşdırmalıdır”.

Təhsil eksperti hesab edir ki, işə qəbul prosesi yenidən aparılmalıdır. Bütün işçilər işdən azad edilməli, yeni qaydada işə qəbul həyata keçirilməlidir:

“Daimi olaraq hər ay onların psixoloji yoxlanışı aparılmalıdır. Həmçinin nəyin tədris ediləcəyinə dair təlimlər keçirilməlidir. Məsələ, zorakılıqdan daha çox, bunun əks nəticələridir. Onlara çatdırmalıyıq ki, siz uşağın başına sillə vura bilərsiz, amma bu, onda asılılıq, eyni zamanda, psixoloji gərginlik yarada bilər”.

2021-ci il dekabrın 20-də ölkə başçısının imzaladığı sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub.

Hazırda ölkədə ümumilikdə 1825 bağça fəaliyyət göstərir. Bunların 1692-si dövlət bağçasıdır.

Bağçalarda ümumi uşaq sayı 126509-dur.

Ana səhifəSosial“Bağçalarda hər kəs işdən azad edilməli, yenidən qəbul keçirilməlidir”