Bağça müəllimləri 2026-cı ilə qədər sertifikatlaşmaya cəlb olunacaqlar

Uşaq bağçası, Foto: Zərdab Rayon İcra Hakimiyyəti

17000 pedaqoji heyətin sertifikatlaşması nəzərdə tutulur

Azərbaycanda 2026-cı ilə qədər bağça müəllimlərinin sertifikasiyaya cəlb olunması planlaşdırılır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda danışıb.

Nazir bildirib ki, 2014-2015-ci illərdən başlayaraq, təhsildə diaqnostika və sertifikasiya prosesləri həyata keçirilib.

O əlavə edib ki, oxşar yanaşma məktəbəqədər təhsil sahəsinə də tətbiq ediləcək.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi daha öncə bildirmişdi ki, 17000 pedaqoji heyətin sertifikatlaşması nəzərdə tutulur.

Üç gün davam edəcək proses bütün regionları əhatə edəcək.

Sertifikasiya imtahanlarının 2025 və ya 2026-cı ilin yay aylarında keçirilə biləcəyi istisna olunmur.

Nazirlər Kabinetinin 2023-cü ildə təsdiqlədiyi qaydalara əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya imtahanları keçirləcək.

Qaydalara görə, bağça müəllimləri 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər.

Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 il müddətində, azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər sertifikatlaşmadan keçmirlər. 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Bağça məüllimlərinin sertifikatlaşdırması test imtahanı və müsahibədən ibarətdir.

Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim edilir.

Kompüterlə elektron qaydada keçirilən test imtahanına 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir.

Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Test imtahanı mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi təhsilverənin ünsiyyət bacarığı (20 bal), təlimin planlaşdırılması bacarığı (10 bal), təlimin təşkilində istifadə olunan iş forması və üsulları tətbiq etmək bacarığı (10 bal) meyarları əsasında qiymətləndirilir.

Müsahibə mərhələsində maksimum 40 bal toplanıla bilər.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələlərində minimal balları toplamış təhsilverənlər prosesdən keçmiş hesab olunurlar.

Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin onun “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 iş günü müddətində inzibati qaydada Elm və Təhsil Nazirliyinə şikayət verə bilərlər.

Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin əməyinin stimullaşdırılmasında nəzərə alınır.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 ay müddətində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycanda sertifikasiya prosesi 2023-cü ildə ibtidai sinif müəllimləri ilə başlayıb.

Sonra tədris dili və ədəbiyyat müəllimləri sertifikatlaşmaya cəlb olunub.

2024-cü ildə isə xarici dil və riyaziyyat müəllimləri sertifikasiyada iştirak ediblər.

Sonuncu, 2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanlarında iştirak edən müəllimlər texniki problemlərlə üzləşdiklərini bildiriblər.

Ana səhifəSosialBağça müəllimləri 2026-cı ilə qədər sertifikatlaşmaya cəlb olunacaqlar