Şirvan sakini deyir ki, pensiya üçün bacısının dispanserdə yatması tələb olunur
Şirvan sakini Ziya Hüseynov psixoloji problemi olan bacısına pensiya kəsilməməsindən şikayətçidir. Deyir, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimləri də 32 yaşlı bacısı Zəhra Hüseynovanın halından xəbərdardır. Hətta hər ay ona lazım olan sakitləşdirici dərmanları da pulsuz göndərirlər. Diaqnozu, vəziyyəti bəlli, ancaq pensiya kəsilmir.
“Baxıma ehtiyacı var. Anam, həyat yoldaşım və digər bacımın köməyilə yaşayır. 15 ildir ağır xəstədir. Ancaq pensiya almır”.
Ziya Hüseynov deyir ki, ailəsi 7 nəfərdən ibarətdir. İçlərində bir nəfər anası pensiya alır, bir də özü fəhləlik edir. Qalan bir yerdən evə qəpik də girmir:
“Mənim fəhlə maaşım heç 300 manata çatmır. Anamın da pensiyası 200 manat etmir. Deyək, aylıq gəlirimiz lap 500 manat etdi. Bununla 5 böyük, 2 uşaq necə yaşasın? Üstəlik, böyüklərdən biri yaşlı, digəri xəstədirsə. İnanın, çatdıra bilmirəm”.
Ziya Hüseynov deyir ki, bacısının durumu ortadadır. Onun pensiyaya çıxması üçün göstəriş verilməlidir. Ancaq bunun üçün deyirlər ki, gərək ya Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində, ya da Salyanda olan ruhi-əsəb dispanserində azı 6 ay yatmalıdır. Ailəsi Zəhranın dispanserdə qalmasını istəmir:
“Çünki keçən dəfə Salyandakı dispanserə apardıq. Bir həftə sonra yanına gedəndə gördük ki, üzü-gözü yaman gündədir. Döyüb, incidiblər. Adı gələndə özü də əsəbiləşir. Biz onun sakitləşməsini, sağalmasını istəyirik, daha da pis vəziyyətə qalmasını yox. Bunu xəstəxananın baş psixiatrı Kamil Mirzəyevə izah edə bilmirik. Dirənib ki, yatmalıdır, başqa çarəsi yoxdur”.
Qardaşı deyir ki, Zəhra əvvəl normal olub. Heç bir problemi olmayıb. Universitetdən kəsiləndən sonra bir az ruh düşkünlüyü yaşayıb. Həmin ərəfədə yolu keçəndə az qalıb onu maşın vursun. Qorxu və stresdən sonra halı daha da pisləşib:
“32 yaşı var. Cavan qızdı. 15 ildir xəstədir və Şirvan Şəhər Xəstəxanasında qeydiyyatdadır. Hətta hər ay sakitləşdirici dərmanlarını da xəstəxana pulsuz verir. Yəni onun vəziyyətindən xəbərdardırlar. Ancaq söhbət pensiyadan düşəndə, kömək etmirlər. Mənə də çətindir. Öhdəliyimdə 7 nəfərlik ailəm var. Gündəlik xərcləri ödəyə bilmirəm”.
7 nəfərlik Hüseynovlar ailəsi bir evin içində yaşayırlar. Ziya Hüseynovun sözlərinə görə, şəraitləri çox ağırdır. Böyük bacısı həyat yoldaşından ayrılıb, o da bir uşaqlar ata evinə dönüb. Ziyanın 3 nəfərlik ailəsi, anası və Zəhra ilə birgə 7 nəfər olurlar:
“Dolanmaq çətindir. Barı pensiya kəssələr Zəhranın xərcləri ödənər. Mənə də yüngül olar. Amma buna görə mən bacımı aparıb həmin dispanserlərə qoymaq istəmirəm. Problemi var, bəli, xəstədir. Ancaq bu, o demək deyil ki, biz onu sevmirik, gözdən çıxarmışıq. Nə özü, nə də biz razıyıq onun dispanserə getməsinə ”.
Şivan Şəhər Mərkəzi Xəstəxanasının baş psixiatrı Kamil Mirzəyev Meydan TV-yə deyib ki, ilə yenidən müraciət etsin, kömək etməyə çalışacaq:
“Ancaq pensiya üçün komissiyadan keçməlidir. Həmin komissiya da xəstəxana kağızı tələb edəcək. Onun dispanserdə yatması lazımdır. Amma yenə də ailəyə deyin, gəlsinlər, əlimdən gələn köməyi etməyə hazıram”.