Bəyanat: “Bu amnistiya deyil, manipulyasiyadır”

Foto: Azərtac

Azərbaycan mühacir təşkilatları və mühacirətdə olan vətəndaş cəmiyyəti üzvləri dekabrın 22-də icrasına başlanılmış Amnistiya aktı ilə bağlı bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, Amnistiya aktı ilə bağlı gözləntilər  özünü doğrultmayıb. Onların fikrincə, qəbul edilən amnistiya aktı nə məhbus sıxlığı probleminin həllinə, nə də siyasi məhbus məsələsinin aradan qaldırılmasına real töhfə vermir.

 Bəyanatda bildirilir ki, amnistiyanın tətbiq dairəsi ilk baxışdan geniş görünsə də, aktın əsas maddələri ciddi məhdudiyyətlər ehtiva edir. Cəzasının bitməsinə 6 ay və ya 1 il qalmış şəxslərlə məhdudlaşdırılır. Cəzaların azaldılması da eyni şəkildə məhdud zaman çərçivəsi ilə tətbiq edilir. Bununla yanaşı, amnistiyanın tətbiq edilmədiyi cinayət əməllərinin siyahısına az ağır cinayətlərin də geniş şəkildə daxil edildiyi vurğulanır.

Bəyanat müəllifləri bildirirlər ki, bu yanaşma amnistiyanı faktiki olaraq fövqəladə hüquqi mexanizm kimi deyil, mövcud qanunvericilikdə onsuz da nəzərdə tutulan prosedurların təkrarı səviyyəsinə endirir. Onların fikrincə, cəzasının bitməsinə az qalmış məhbusların azadlığa buraxılması üçün şərti vaxtından əvvəl azad etmə və ya cəzanın yüngülləşdirilməsi kimi hüquqi mexanizmlər artıq mövcuddur və bu hallar amnistiya elan edilməsini zəruri etmir.

Sənəddə Azərbaycan hakimiyyətinin uzun illərdir davam etdirdiyi “karseral dövlət” praktikası da tənqid edilir. Bildirilir ki, cinayət-hüquqi mexanizmlərdən geniş istifadə və siyasi motivli həbslər ölkədə məhbus sıxlığının artmasına gətirib çıxarıb. Bəyanat müəllifləri siyasi məhbusların sayının hazırda 400-ə yaxın olduğunu bildirir və bunun Azərbaycanın Avropa Şurasına üzv olduğu dövrdə qeydə alınmış ən yüksək göstərici olduğunu qeyd edirlər.

Mühacirətdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin qənaətinə görə, qəbul edilən amnistiya nə bu problemləri aradan qaldırır, nə də real islahatlara yol açır. Onlar hesab edirlər ki, hökumətin amnistiyanı “ən genişmiqyaslı” kimi təqdim etməsi ictimai rəyi çaşdırmağa xidmət edir və mahiyyət etibarilə bu addım manipulyativ xarakter daşıyır.

“Bu vəziyyəti nəzərə alaraq bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi olaraq bu Bəyanatı verməklə ictimaiyyətin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, bu amnistiya deyil, manipulyasiyadır”, – bəyanatda belə deyilir.

Prezident İlham Əliyev dekabrın 15-də “Konstitusiya və Suverenlik İli” (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Milli Məclis də dekabrın 19-da layihəni qəbul edib. Aktının icrasına isə dekabrın 22-dən başlanılıb.

Bildirilib ki, bu, ən genişmiqyaslı amnistiya aktıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, təxminən 3 min məhkumun isə cəzası 6 ay azaldılacaq.

Ana səhifəSiyasətBəyanat: “Bu amnistiya deyil, manipulyasiyadır”