Bələdiyyə seçkilərində 16174 namizədin mübarizə aparacağı bildirilir

Seçkilər. Foto: Reuters

Onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür

Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 6-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür.

Ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.

Bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir.

Bu gündən bələdiyyə seçkiləri üzrə təşviqat kampaniyası başlayır.

Təşviqat kampaniyası “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən aparılır.

Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədləri irəli sürmüş siyasi partiyalar, partiyaların blokları təşviqat apara bilərlər.

2024-cü ilin dekabrında MSK siyasi partiyalara və siyasi partiyaların bloklarına pulsuz efir vaxtı və kütləvi informasiya vasitələrində dərc üçün yer ayrılacağı barədə məlumat yayıb. Bu media qurumları İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakı zəhmətkeşi” qəzetləridir.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınıb və müvafiq media subyektlərində ödənişsiz təşviqat hüququ əldə etmiş yeganə siyasi partiya olan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində bərabər şərtlər daxilində seçkiqabağı təşviqatın aparılmasının təmin olunması məqsədilə bu hüququndan istifadə etməmək qərarını Mərkəzi Seçki Komissiyasına bildirib.

Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

2024-cü il oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı“nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.

Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.

İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun ötən il dekabrın 2-də keçirilən iclasında bildirib ki, bələdiyyə seçkilərində xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayırıb.

Ana səhifəSiyasətBələdiyyə seçkilərində 16174 namizədin mübarizə aparacağı bildirilir