Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun nişanlısı Klara Roberts İlham Əliyevə onun azadlığa çıxması üçün müraciət edib.
“Mənim adım Klaradır. Mən Texas ştatından olan Amerika Birləşmiş Ştatları vətəndaşıyam. Sizə Bəhruz Valeh oğlu Səmədovun nişanlısı kimi yazıram. Bəhruz və mən 2023-cü ildə Praqada, hər ikimiz Çarlz Universitetində siyasi elmlər üzrə təhsil alarkən tanış olduq. Biz bir-birimizə aşiq olduq və nişanlandıq. Onun azad edilməsindən sonra evlənməyi planlaşdırırıq”, – deyə o Prezidentə müraciətində belə yazıb.
O, müraciətində bildirib ki, Səmədovun uzun müddətdir səhhətində ciddi problemlər var və həbsdə olduğu müddətdə bir neçə dəfə intihara cəhd edib.
Klara bildirib ki, nişanlısı Bəhruz Səmədovun sağlamlığından narahatdır. O, bunların nəzərə alınaraq İlham Əliyevdən Səmədovun azadlığa buraxılmasını xahiş edib:
“O, artıq iki dəfə intihar cəhdi göstərib. Onun sağlamlığı ilə bağlı dərindən narahatam. Narahatlıqlarımı ABŞ-nin Bakıdakı səfirliyi və birinci xanım Mehriban Əliyeva ilə bölüşmüşəm. Xahiş edirəm onun azad edilməsinə kömək edəsiniz”.
Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, 2025-ci il iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.