Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun səhhətində problem yarandığı deyilir.
Bu barədə ictimai fəal Əmrah Təhməzov sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, Səmədovun gözlərində ciddi zəiflik yaranıb və nəticədə görmə qabiliyyəti zəifləyib.
“Bəhruz vəkili Zibeydə Sadıqova ilə görüşüb. Vəkilə deyib ki, gözlərində ciddi zəiflik əmələ gəlib. Onun gözləri daim uzağa baxmalıdır amma qapalı yerdə saxlanılır deyə ancaq göyə baxa bilir”, – deyə Təhməzov yazıb.
Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.
Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.