Bəhruz Səmədov WUF13-ün qonaqlarına müraciət edib

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov yaxınları vasitəsilə ictimaiyyətə müraciət edərək, BMT-nin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qonaqlarını məhkəməsinə dəvət edib.

Mayın 21-i saat 12:00-da Ali Məhkəmədə fəalın əvvəlki instansiya qərarlarından verdiyi şikayət üzrə iclası keçiriləcək.

Müraciətində qapalı rejimli həbsxanada keçirdiyi hər günün sağlamlığına və görmə qabiliyyətinə pis təsir göstərdiyini bildirən Bəhruz Səmədov, bu durumu davamlı işgəncə kimi qiymətləndirdiyini qeyd edib.

O, məhkəmə nitqini həbsxanada və müəmmalı şəraitdə vəfat etmiş ictimai fəallar Elbəyi Kərimli, Bayram Məmmədov və Mehman Qələndərovun xatirələrinə həsr edəcəyini bəyan edib.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamı ilə 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanətdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı özü isə bu ittihamları qətiyyətlə rədd edir və sırf ictimai-siyasi fəaliyyətinə, elmi araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Ana səhifəSiyasətBəhruz Səmədov WUF13-ün qonaqlarına müraciət edib