“Xahiş edirəm ki, mənimlə Ermənistan xarici kəşfiyyat orqanları arasında hər hansı əməkdaşlığımın mövcud olmaması haqda rəsmi və əsaslı bəyanat verəsiniz”
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədov Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.
“Cənab Baş Nazir. Sizdən sülh gündəliyinə sadiq qalmağınızı, sərhəddə atəşkəsin pozulma hallarının qarşısını almaq üçün əlinizdən gələni etməyi, gələcəkdə birgə yaşayışın mümkün edilməsi üçün praktiki addımlar atmağınızı xahiş edirəm. Dayanıqlı sülh üçün tərəflər ortaq gələcək və paylaşılan coğrafiya əsasında dəyərlər formalaşdırmalıdırlar. Bu dəyərlərin əsasında zorakılığın birmənalı inkarı dayanmalıdır”.
“Əlavə olaraq, sizdən xahiş edirəm ki, mənimlə Ermənistan xarici kəşfiyyat orqanları arasında hər hansı əməkdaşlığımın mövcud olmaması haqda rəsmi və əsaslı bəyanat verəsiniz. Ümid edirəm ki, tərəflər arasında təmaslar mənim yaxın zamanda azadlığa çıxmağıma gətirib çıxarar və “sülh məhbusluğu”ma son qoyar. Sülhün mümkün olması üçün tərəflər istənilən irredentist tələbdən əl çəkməli, bunun əksinə, birgə yaşayış modellərinə, post-münaqişə dövründə qonşuluğa köklənməlidirlər.
Yazımı Şarl Bodlerin şeirindən bir bəndlə bitirirəm…
Dalğalarda qətlinin rənglərini sil.
Qamışlar çoxdur, qaya genişdir;
Hər kəs öz çubuğunu düzəldə bilər — daha artıq zorakılıq olmasın,
Daha artıq qan, müharibə və ölümcül hiylə olmasın!
İndi qardaş kimi yan-yana yaşayın.
Və hamı birgə Sülh Qəlyanını tüstülətsin”, – Bəhruz Səmədovun məktubunda deyilir.
Bəhruz Səmədov “OC Media” və “Bakı Araşdırmalar İnstitutu”nun müəlliflərindən biridir. Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Dekabrın 17-də məhkəmə istintaq orqanının vəsatətini təmin edərək Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.
2025-ci il martın 13-də Azərbaycan və Ermənistan tərəflər arasında sülh sazişi mətni üzrə danışıqların başa çatdığını bildiriblər.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.