O, irəli sürülən ittihamlara cavab verib
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədov ona qarşı irəli sürülən ittihamlara cavab verib.
O, bildirib ki, həbs olunması Azərbaycanın sülh gündəliyindəki səmimiliyini beynəlxalq ictimaiyyət qarşısında sual altına qoyur.
“Azərbaycan hakimiyyətini məni azad etməyə, mövqeyimə tolerant yanaşmağa dəvət edirəm. Sülh sazişinin mətninin razılaşdırılmasını müsbət qiymətləndirirəm, hər iki tərəfi xalqların rifahı üçün sülh sazişinin tez bir zamanda imzalanması üçün faktiki addımlar atmağa səsləyirəm”, – Bəhruz Səmədov bildirib.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Dekabrın 17-də məhkəmə istintaq orqanının vəsatətini təmin edərək Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.