Bəhruz Səmədov göz müayinəsindən məhrum edilib

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun göz müayinəsindən məhrum edildiyi deyilir.

Bu barədə ictimai fəal Gülnara Mehdiyeva sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Səmədovun gözündəki problemlə ilə bağlı tibbi müayinə müraciətləri cavabsız qalıb: 

“Bəhruz Səmədov bildirib ki, onun gözlərində ciddi zəifləmə və göz problemləri yaranıb. Dəfələrlə müraciət etməsinə rəğmən tibbi müayinə təmin olunmayıb. Ombudsman aparatı da edilən müraciətlərə cavab verməyib”.

Mehdiyeva deyir ki, Səmədov gözündəki problem səbəbi ilə kitab oxumaqda çətinlik çəkir.

“Bəhruz onsuz da ağır rejimli şəraitdə saxlanılır.  Televizor qadağası var. Ona tibbi müayinə təmin etməməklə, təkcə fiziki yox, həm də psixoloji işgəncə edirlər”, – deyə Mehdiyeva yazır.

Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.

Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Ana səhifəSiyasətBəhruz Səmədov göz müayinəsindən məhrum edilib