Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya qolu olan XRG şirkətinə “Cənub Qaz Dəhlizi” QSC-də pay satıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri ilə bağlı rəsmi məlumatda yalnız bir cümlə ilə qeyd olunub. Səfərin təfərrüatlarına dair xəbərdə bildirilir ki, iki ölkə prezidentinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin ADNOC-un investisiya qolu olan XRG-yə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb.
Sənədi BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri, XRG-nin icraçı sədri Dr. Sultan bin Əhməd Əl-Cabir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.
Qeyd edək ki, ötən il XRG ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında “Cənub Qaz Dəhlizi” QSC-də pay əldə olunmasına dair “Əsas Şərtlər üzrə Razılaşma” imzalanmışdı. Həmin vaxt ərəb şirkəti bununla Xəzər dənizindəki iştiraklarını genişləndirəcəyini bəyan etmişdi.
Fevralın 2-də Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində əvvəlcədən əldə olunmuş razılaşmanın detalları artıq müqavilə ilə rəsmiləşdirilib. Lakin “Cənub Qaz Dəhlizi”ndən XRG-yə satılan payın həcmi, investisiyanın məbləği və müqavilənin şərtləri açıqlanmayıb. Bu məlumatlar sanki “kommersiya sirri” kimi qorunur.
Azərbaycan mediası bu xəbərin üzərindən sükutla keçməsinə baxmayaraq, ərəb mediası razılaşmanı Avropaya açılan strateji qapı kimi qiymətləndirir.
BƏƏ-nin “Al Bayan” nəşri müqaviləni ADNOC-un 2024-cü ilin noyabrında yaratdığı XRG platformasının ən böyük regional uğurlarından biri kimi təqdim edir. Nəşrin yazdığına görə, bu razılaşma BƏƏ-nin Avropa qaz bazarına daxil olması üçün “qızıl açar”, eləcə də Xəzər regionundakı mövqelərini möhkəmləndirmək istiqamətində atılmış mühüm addımdır. Bildirilir ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə ADNOC artıq təkcə qaz hasilatçısı deyil, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilə bilər.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM isə bu razılaşmanı həm regionun enerji xəritəsi, həm də investisiya strategiyası baxımından strateji addım kimi qiymətləndirir.
Xatırladaq ki, ADNOC-un 2024-cü ildə yaratdığı XRG törəmə şirkətinin dəyəri 80 milyard dollar həcmindədir. Şirkət qlobal miqyasda aşağı karbonlu enerji və təbii qaz layihələrinə fokuslanır. Şirkət fəaliyyətə başladığı dövrdən Xəzər dənizinin karbohidrogen ehtiyatlarına xüsusi maraq göstərir.
XRG-nin Azərbaycanla əməkdaşlığı təkcə “Cənub Qaz Dəhlizi” ilə məhdudlaşmır. Ərəb şirkəti daha əvvəl SOCAR ilə birgə “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsində 30 faiz pay əldə edib. Bundan başqa, XRG Türkmənistanın I Blok dəniz neft yatağında 38 faiz paya malikdir. SOCAR isə öz növbəsində 2024-cü ildə ADNOC-dan “SARB” və “Umm Lulu” yataqlarında 3 faiz pay alıb.
2014-cü ildə yaradılmış “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyi 51 faiz, SOCAR isə 49 faiz paya malikdir. Şirkət Xəzər hövzəsindən Türkiyə üzərindən Cənubi Avropaya təbii qaz nəql edən, ümumi uzunluğu təxminən 3500 kilometr olan boru kəməri şəbəkəsində səhmlərə sahibdir.
“Cənub Qaz Dəhlizi”nin aktivlərinə “Şahdəniz-2” qaz-kondensat yatağında, Cənubi Qafqaz Boru Kəmərində, Trans-Anadolu Təbii Qaz Boru Kəmərində (TANAP), Trans-Adriatik Boru Kəmərində (TAP), eləcə də Azerbaijan Gas Supply Company Limited şirkətində paylar daxildir.