“Sonuncu dəfə bizim evdə Qurban bayramında pay verilən ət bişirilib”
7 yaşlı Sübhan Əliyev serebral iflic xəstəliyindən əziyyət çəkir. Sabunçu rayonunda, “Bit bazarı” adlandırılan bazarın yaxınlığında anası və nənəsi ilə pəncərəsiz, birotaqlı daxmada yaşayan Sübhanın ən böyük istəyi yeriyə bilməkdir.
Azyaşlının anası Dilşad Əliyeva Meydan TV-yə danışıb ki, övladı doğulandan ağır günlər keçirirlər, son vaxtlar vəziyyət o həddə çatıb ki, gündəlik tələbatlarını ödəməyə imkanları olmur.
“Sübhanın hələ bir yaşı olmamışdı, qarın və bel nahiyəsinə yayılmış şiş aşkarlandı. Milli Onkologiya Mərkəzində əməliyyat elədilər. Əməliyyatdan sonrakı iki il ərzində kimyaterapiya olundu. Şiş orqanlarına zərər vurmuşdu”,-ana danışıb.
D.Əliyevanın sözlərinə görə, Sübhan 3 yaşından bəri onkoloji müalicə almasa da, yeriyə bilmir. Həkimlər əməliyyat zamanı onurğanın ciddi zədələndiyini əsas gətirərək yeriyə biləcəyini təminat vermirlər. Türkiyənin İstanbul şəhərində isə ailəyə ümidli cavab verilib:
“Həkim müayinə edəndən sonra 4 əməliyyat və fizioterapiyalardan sonra yeriyəcəyinə təminat verdi. Dedi ki, onurğasına arxadan implant yerləşdirilməlidir, qarşınızda olduqca ağır günlər var, amma çətinliklə də olsa yeriyə biləcək”.
Ana deyir ki, əməliyyatlar üçün 60 min manata ehtiyac var. Əlində Sübhanın müayinə kağızları döymədiyi fond, xeyriyyəçi qapısı qalmayıb. Hər dəfə də onu poliklinikalara yönləndiriblər.
“Poliklinikalar da uzaqbaşı masaj edə biləcəklərini deyirlər. Övladıma tək mən baxıram, anamın pensiyası ilə dolanırıq. Aylarla ət, toyuq ala bilmirik. Sonuncu dəfə bizim evdə Qurban bayramında pay verilən ət bişirilib. O qədər çarəsizəm, nə qidasına, nə də müalicəsinə kömək edə bilirəm, övladım gözümün qarşısında əziyyət çəkir. Anamın pensiyası kirayə pulu ilə bir çörəyə güclə çatır. Neçə dəfə xəstəxanaya getməyə yol pulu tapmamışam”,-Əliyeva qeyd edib.
Ana bildirib ki, onun vəziyyətindən qonşular da xəbərdardırlar. Çox vaxt elə onların verdiyi yeməklə dolanırlar.
Əliyeva deyir k, günlərlə ac qalmağa razıdırlar, təki övladı ömrünün qalan hissəsini sağlam olsun.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il serebral iflic qalığı olan 4 218 uşaq qeydiyyatda olub. Pediatrlar isə deyirlər ki, serebral iflicdən əziyyət çəkən uşaqların sayı getdikcə artır.