Azyaşlının ölümündə təqsirləndirilən idmançıya hökm oxundu

Mehman Xəlilov. Foto: Meydan TV

“Mən idmançı kimi bu ölkənin bayrağını qaldıranda harda idiniz?”

Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq zamanı 7 yaşlı Fərid Bakarovu döyüb öldürməkdə ittiham olunan məşqçi Mehman Xəlilovun 6 aydır davam edən məhkəməsi yekunlaşıb. Martın 19-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyilə keçirilən məhkəmə prosesində o, əvvəl son sözünü deyib, daha sonra hökm oxunub.

Mehman Xəlilov bildirib ki, uşağı qəsdən öldürməyib, bu hadisə məşq zamanı ehtiyatsızlıqdan baş verib:

“Fərid mənim ən sevdiyim tələbəm idi. Mən onu necə qəsdən öldürə bilərəm? Kameranın altında adam öldürərlər?! Mənə elə tərbiyə verilməyib ki, azyaşlını bilərəkdən öldürüb. Nəzərə alın ki, heç kim başına nə iş gələcəyini bilmir…”.

Mehman Xəlilov media və sosial şəbəkələri də ittiham edib. Onun sözlərinə görə, bu hadisə ictimaiyyət arasında yanlış yozuldu. Bu səs-küyün nəticəsi olaraq, qəsdən adam öldürmə ittihamı verildi.

“Mən idmançı kimi bu ölkənin bayrağını qaldıranda harda idiniz? Onda niyə çəkib yaymırdınız?!”.

Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra geri qayıdaraq, Mehman Xəlilovun 19 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Sambo idman növü üzrə məşqçi olan 30 yaşlı Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham olunur.

İttihama görə, Mehman Xəlilovun azyaşlının anası Aynurə Məlikova ilə şəxsi münasibətləri olub. O, uşağı bu üzdən qəsdən döyüb öldürüb.

Aynurə Məlikova da məhkəmədə iddia edib ki, Mehman Xəlilov ondan qisas almaq məqsədilə uşağını öldürüb.

Lakin Mehman Xəlilov bu ittihamları qəbul etmir. O, məhkəmədə ifadəsində də deyib ki, hadisə məşq prosesində baş verib. Onun sözlərinə görə, uşağın bu cür məşq etdiyini anası Aynurə Məlikova özü də bilirdi. Mehman Xəlilov hesab edir ki, əksinə, Aynurə Məlikova ondan qisas almaq üçün əleyhinə yalan ifadələr verib və həmin ifadələr əsasında da ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Aynurə Məlikova məhkəmə prosesinin qapalı keçirilməsini istəyib, o, jurnalistlərin iştirakına etiraz edib:

“Aramızda nə olubsa, nə söhbətlər varsa, bizə aiddir. Öz aramızdadır, özümüz bilirik”.

Onun vəsatəti əsasında məhkəmə araşdırmalarının qapalı keçirilməsinə qərar verilib. Dindirmələr, sənədlərin araşdırılması və s. qapalı iclaslarda aparılıb.

Hadisə ötən il aprelin 29-da baş verib. Məşq zamanı ağır xəsarət alan 2016-cı il təvəllüdlü Fərid Bakarov Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçi azyaşlı tələbəyə zərbə vurur.

7 yaşlı Fərid Bakarov qardaşı ilə birlikdə iki ay imiş ki, Avropa Oyunlarının bürünc mükafatçısı olan Mehman Xəlilovun sambo məşqlərində iştirak edirmiş.

Hadisə vaxtı Fərid Bakarovun anası da orada olub.
Hadisədən sonra Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülmüşdü. Lakin istintaq yekunlaşanda ittiham ağırlaşdırıldı və əməli qəsdən adam öldürməyə tövsif olundu.

Ana səhifəSosialAzyaşlının ölümündə təqsirləndirilən idmançıya hökm oxundu