Qurumdan balansın geri qaytarılacağına dair dəqiq məlumat verilmir
“Aztelekom” Füzulidə internetin verilməsini bərpa edib.
Rayonun Babı və Arayatılı kəndlərindən olan bir neçə sakinin Meydan TV-yə verdiyi məlumata görə, internet bərpa olunsa da, abonentlərin balansında olan pullar sıfırlanıb.
“Sentyabrın 20-də 15 manat ödəniş etdim. Lakin bir aydan çoxdur interneti kəsiblər. Bu gün internet bərpa olunsa da, istifadə etmədiyimiz paketi bərpa etməyiblər. Məcbur bu gün yenidən balansa pul qoymalı olacağıq”, – Babı kənd sakini Meydan TV-yə deyib.
Füzuli Mərkəzi Telefon Qovşağından Meydan TV-yə təsdiqləyiblər ki, internet bərpa olunsa da, abonentlərin öncədən ödədikləri pullar balansdan silinib.
“Bu da insanların etirazına, narazılığına səbəb olub. Bir xeyli insan bura gəlmişdi, pullarını tələb edirdilər. Biz onlara məsləhət gördük ki, “Aztelekom”a müraciət etsinlər. Çünki bu işə biz baxmırıq”, – telefon qovşağından Meydan TV-yə bildirilib.
“Aztelekom”un 170 “Qaynar Xətti”ndən isə Meydan TV-yə bildirilib ki, vətəndaşların pullarının balansa yenidən bərpa ediləcəyinə dair dəqiq məlumat yoxdur. Operatorun sözlərindən belə anlaşılıb ki, ödəniş edən abonentlərin pulları geri qaytarılmaya da bilər.
“Son qərarı rəhbərlik verəcək”, – operator deyib.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyata başlayandan dərhal sonra “Aztelekom”, həmçinin “Nar Mobile”, “Bakcell”, “Azercell” Füzulidə internetin verilməsini dayandırıb.
Hazırda yalnız “Aztelekom” interneti bərpa edib. Mobil operatorlar isə hələ də internetə məhdudiyyət tətbiq etməkdə davam edir.
Meydan TV-nin oktyabrın əvvəlindən mobil operatorların mətbuat xidmətlərinə göndərilən sorğuları isə hələ də cavablandırılmayıb.
Məsələni Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli isə deyib ki, ölkədə fors-major, fövqəladə və ya hərbi vəziyyət elan edilmədiyi təqdirdə internetin məhdudlaşdırılması qanunsuzdur.
“İnternetin kəsilməsi ilə əlaqədar öncədən istehlakçılara məlumat verilməlidir. Verilmədiyi təqdirdə istifadəçilər kütləvi olaraq məhkəməyə müraciət edə bilərlər”, – hüquqşünas deyib.