Mirvari Qəhrəmanlı: “Sahildə növbə dəyişikliyi gözləyən işçilər də əziyyət çəkir, gün itirirlər”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir həftə əvvəl ölkə ərazisində yanvarın 13-dən hava şəraitinin kəsgin dəyişəcəyi ilə bağlı məlumat verməsinə baxmayaraq “Azneft” İstehsalat Birliyinin rəhbərliyi işçiləri sahilə çıxarmayıb.
Bu barədə Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı xəbər verib.
Qəhrəmanlı deyib ki, yanvarın 13-də “Abşeronneft” NQÇİ-nin 4 saylı neftqazçıxartma sahəsində, bir gün sonra quyuların əsaslı və yeraltı təmir sahəsində, o cümlədən nəqliyyat departamentində növbə dəyişməliydi. Lakin hava şəraitinə görə növbə dəyişməyib. Bu barədə təşkilata neftçilər tərəfindən şikayətlər daxil olub.
“Yanvarın 16-sı hava əlverişli olub. Lakin bu dəfə də gəminin olmadığı məlum olub. İşçilər 23 gün dənizdə qalıblar. Məsələn, 4-cü mədənin işçiləri dekabrın 28-dən, quyuların əsaslı və yeraltı təmir sahəsi dekabrın 29-dan dənizdə qalıblar. Sahildə növbə dəyişikliyi gözləyən işçilər də əziyyət çəkir, gün itirirlər”,-təşkilat rəhbəri deyib.
Neftçilər şikayətlərində onu da bildiriblər ki, ərzaqla təminat da yetərli deyil, işçilərin aquzələri bitib. Çünki onlar 15 günlük gedirlər və tədarükü də buna görə edirlər.
Şikayətçilərdən biri deyilənləri Meydan TV-yə təsdiqləyib.
Bölgələrdə yaşayan neftçilər də növbə vaxtında dəyişmədiyindən əziyyət çəkiblər. Neftçilərdən biri deyib ki, onlar artıq sahildə 2 dəfə koronavirusa görə yaxma veriblər.
Qəhrəmanlı deyib ki, bu ilk deyil, güman ki, nə də sonuncu olmayacaq.
Dövlət Neft Şirkətindən isə bildiriblər ki, hazırda dənizdə işləyənlərin növbə dəyişməsi ilə bağlı problem yoxdur.