Vidadi Muradov xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı
“Azərxalça” ASC-nin keçmiş sədri, 21.6 milyon manatlıq yeyintidə ittiham olunan Vidadi Muradov noyabrın 5-də gecə saatlarında vəfat edib. Xərçəng xəstəliyindən əziyyət çəkən Vidadi Muradov bir həftə öncə ev dustaqlığına buraxılmışdı.
Meydan TV-nin əldə etdiyi məlumata görə, hələ həbsdə olarkən xəstəliyilə əlaqədar klinikaya köçürülən Vidadi Muradovun vəziyyəti son vaxtlar çox ağırlaşıb. Həkimlər onun ailə üzvlərinə sağalacağına ümid olmadığını deyib. Ailəsi onu bir neçə gün öncə evinə gətirib.
Vidadi Muradovun işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Prosessual qaydalara görə, onun hüquqi varisi qismində tanınacaq şəxs razılaşarsa, ölümüylə əlaqədar onun barəsindəki işə xitam verilə bilər. Əgər hüquqi varisi onun təqsirsiz olduğunu iddia edib, bəraət tələb edərsə, bu halda, məhkəmə araşdırmaları keçirilib, sonda onun barəsində ittiham vəya bəraət hökmü çıxarıla bilər.
65 yaşlı Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunur. Onun işi sentyabrdan Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatındadır. Lakin o, bu məhkəmədə hakim qarşısına çıxarılmamış, vəziyyətinin ağır olmasına görə məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı.
Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İttihama əsasən, Vidadi Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb.
Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.
Prezident İlham Əliyev Vidadi Muradovu 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.
Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Sabunçu rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Səbail rayon Polis İdarəsinin rəisi idi.