Park işçilərinin də təxliyə olunduğu bildirilir
Aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.
Yerli əhalinin Meydan TV-yə bildirdiyinə görə, yanğın sənaye parkının əksər hissəsini əhatə edir.
Yanğınla əlaqədar əhali təhlükəsiz ərazilərə evakuasiyası edilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əraziyə 2 helikopter cəlb edilib:
“Yanğınla mübarizə tədbirlərinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub”.
Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı birgə məlumatında qeyd olunub ki, ilkin araşdırmalara əsasən yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Olayla bağlı Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıldığı bildirilib.
Daxili İşlər Nazirliyi isə ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıdığını qeyd edib:
“Həm də sənaye parkının işçilərinin təxliyəsi təmin edilib. Polis əməkdaşları ərazini mühafizə edir”.
Yanğını hələ söndürmək mümkün olmayıb. Hazırda fövqəladı hallar naziri Kaməllədin Heydər ərazidədir.