Prezidentin mühafizəciləri Qurban Qurbanovun evini mühasirəyə alıb
17.30. Əraziyə OMON gətizdirilib, Dağıstan prezidenti Abdullatipov Yəhya Hacıyev adlı şəxsi rayona icra başçısı kimi göndərib. Son məlumatlara görə, kəndlərdən də adamlar icra hakimiyyətinin binası önünə toplaşır. Ucqar azərbaycanlı kəndlərinin sakinləri icra hakimiyyətinə dogru irəliləyir. Dərbənddə görünməmiş gərginlik yaranıb.
Oktyabrın 28-də günün birinci yarısından etibarən Dərbənddə azərbaycanlılar yerli icra hakimiyyətinin binası önünə toplaşıb. Dərbənd şəhərindən Meydan TV-yə verilən məlumata görə, rayonun azərbaycanlı icra başçısı Qurban Qurbanova qarşı təzyiqlər artıb. Dağıstan Respublikasının rəhbərliyi Qurban Qurbanovun müavinlərinə işdən çıxmaq üçün ərizə vermələrini tələb edir.
Dağıstan Respublikası İcra Aparatı və Hökumətinin rəhbəri Ramzan Əliyev hazırda Dərbənd Rayon İcra Administrasiyasının binasındadır və sərt formada rayon icra başçısının müavini, hazırda icra başçısı səlahiyyətlərini icra edən Əli Xazbulatova istefa ərizəsi yazdırmağa çalışır.
Bildirdiyinə görə, rayonun başçısı Qurban Qurbanovun tərəfdarları rayon administrasiyasının binasının ətrafına toplaşmağa başlayıblar. Xazbulatov gedərsə rayonun idarə olunması digər müavinə (təhlükəsizlik üzrə) – Sultan Sultanova və ya respublika hakimiyyyəti nümayəndələrinin irəli sürdüyü başqa bir şəxsə ötürülə bilər.
Hazırda ev dustağı olan Qurban Qurbanovun evi və rayon administrasiyası hərbi formalı şəxslər nəzarətə götürüb. “Keşikçilər”in Dağıstan Respublikası prezidenti Ramazan Abdulatipovun mühafizəçiləri olduğu söylənilir.
Dərbənd şəhərində və eyni adlı rayonda etnik azərbaycanlılar yaşayır. Dərbəndin rəhbərliyi azərbaycanlılardan ibarət olub. Lakin Dağıstanın yeni rəhbərliyi azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür. Son vaxtlar azərbaycanlılar rəhbər vəzifələrdən kənarlaşdırılır. Dağıstan prezidentinin son hədəfi isə Dərbənd rayonun icra başçısı Qurban Qurbanovdur. Vəzifəsindən istefa verməyən Q. Qurbanova qarşı cinayət işi qaldırılıb və hazırda ev dustağıdır.