Beynəlxalq Animasiya Festivalına 134 əsər təqdim olunub
Bakıda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.
Sentyabrın 3-dən 7-dək keçirilən festivalda 40 müxtəlif ölkədən 134 əsər təqdim edilib. Müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyaları üzrə mükafatlar uğrunda
yarışıb
.
Festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı yerli və xarici peşəkarların iştirakıyla vorkşoplar da təşkil olunub.
Müsabiqənin münsiflər heyətinin üzvləri Məsud Pənahi (Azərbaycan), Olivye Katren (Fransa), Nensi Denni-Felps və Nik Felps (Belçika), Məryəm Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Pyotr Kardas (Polşa), Mehdi Xoruşi və Məryəm Ruhbaxş (İran) olub.
“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçib.
Bağlanış mərasimində qaliblər elan olunub. Bu il təsvir rejissoru Ramiz Ağayev festivalın “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Qızıl qayıq” mükafatına layiq görülüb.
Ramiz Ağayev Bakıda doğulub. Əsasən animasiya filmlərinin (“Qız qalası əfsanəsi” (1978), “Sehrlənmiş küpə” (1979), “Toral və Zəri” (1979), “Meşəyə insan gəlir” (1980), “Sehrli ağac” (1980), “Sandıq” (1982), “Akvarium” (1983), “Münəccimin şagirdi” (1983), “Sehrli naxışlar” (1984), “Humayın yuxusu” (1985), “Arzular… Arzular…” (1988), “Qaravəlli” (1989), “Nar ağacının nağılı” (1989), “Ağa, cəddinə qurban” (1993) və sair filmlərinin operatoru olub.