Qalibə səkkiz min dollar məbləğində pul mükafatı təqdim olunacaq
Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” (“End of Season”) filmi növbəti beynəlxalq festivalda nümayiş olunacaq.
Ekran işi Qazaxıstanın Almatı şəhərində artıq ikinci dəfədir keçirilən beynəlxalq “Almaty Film Festival” adlı müsabiqədə təqdim olunan 11 filmlə mübarizə aparacaq.
Festivalın
rəsmi saytı
nda qeyd olunur ki, “Mədəniyyətlərin qovuşması” adlandırılan əsas müsabiqə proqramında Rusiya, Gürcüstan, Fransa, Almaniya, Yunanıstan, İsveç, Bolqarıstan, Slovakiya, Çexiya, Fələstin, Türkiyə, Qətər və bir sıra ölkələrin müştərək istehsal etdiyi filmlər iştirak edir.
Müsabiqədə yarışan filmlər arasında dünyada məşhur Cənubi Koreya rejissoru Kim Ki Dukun rus dilində çəkdiyi yeni “Rастворяться” filmi də var. Ekran işi Qazaxıstanla Koreyanın müştərək istehsalıdır.
Sentyabrın 14-dən başlayan festival bu ayın 20-dək davam edəcək. Qalibə səkkiz min dollar məbləğində pul mükafatı təqdim olunacaq.
“Mövsümün sonu”
dramının əsas mövzusunu orta yaşlı ata-ana və oğuldan ibarət ailə daxilindəki münasibətlər təşkil edir.
Filmdə aktyorlar İlqarə Tosova, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Qurban İsmayılov, Mövsüm Mirzəzadə və başqaları çəkiliblər.
Rejissorun “Tabutçunun yelləncəyi” qısametrajlı Amerika Kino Akademiyasının tələbə Oskarı ilə mükafatlandırılıb.