Azərbaycanlı jurnalist Əfqan Sadıqovun həbs müddəti 3 ay uzadılıb

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

“Məni Azərbaycana təslim etsələr, onların əlinə keçərəm, hətta öldürə bilərlər”

Gürcüstanda saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqovun həbs müddəti 3 ay uzadılıb. Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Sadıqov və vəkilləri ekstradisiya həbsinin ləğv edilməsini, zamin və ya girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Məhkəmə iclasında Sadıqov bildirib ki, heç vaxt cinayət əməli törətməyib.

“Mən sadəcə olaraq Əliyevi tənqid etdim və onun cinayətlərini ifşa etdim. Azərbaycanın ən böyük narkotik alverçisi olan şeyx hökumət üzvlərinin dəstəyi ilə 2012-ci ildə Qırmızı Körpüdən Gürcüstana 3 ton heroin, Dağıstana isə 4 ton gətirib. Həmçinin Moskvanın şəhər və həbsxanalarını narkotiklərlə təmin edib. Bununla bağlı 5 süjet hazırladım, ondan sonra məni hədələyib dedilər ki, onların Kremldə dostları var, məni məhv edəcəklər. Mənə pul təklif etdilər və dedilər ki, imtina etsəm, məni məhv edəcəklər. Məni Azərbaycana təslim etsələr, onların əlinə keçərəm, hətta öldürə bilərlər”.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov avqustun 3-də Tbilisidə həbs edilib. Daxili İşlər Nazirliyi Sadıqovun hədə-qorxu ilə pul tələb etmə cinayətlərinə görə Azərbaycan tərəfindən axtarışda olduğunu bildirib. Ailəsi onun həbsini İlham Əliyev hökumətinin siyasi təqibi ilə əlaqələndirir.

Ana səhifəSiyasətAzərbaycanlı jurnalist Əfqan Sadıqovun həbs müddəti 3 ay uzadılıb