“Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və qürur duyuram”
Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsi fəth edib.
Bu barədə Elmira Aslanova “Facebook” səhifəsində məlumat paylaşıb.
O, mayın 19-da Everest zirvəsinə qalxdığını bildirib.
“Everest-arzular gerçəkləşməlidir! Uzun müddət getdiyim, onu dəli və qeyri-real hesab edərək dəfələrlə rədd etdiyim bir yuxu”, – deyə alpinist bildirib.
E. Aslanova Everest zirvəsini qalxan ilk azərbaycanlı qadın olduğunu qeyd edib:
“19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım. Beləliklə, Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və qürur duyuram”.
“Bu səhər mən hələ də Everest baza düşərgəsində idim, indi isə Katmanduda. Hər dəqiqə bunun həqiqət olduğunu daha çox dərk edirəm. Baxmayaraq ki, bütün bunları yaşaya bildiyimə hələ tam inanmıram. Daha sonra bir aya yaxın davam edən ekspedisiya ilə bağlı bütün emosiyaları və hekayələri paylaşmaqdan məmnun qalacağam. Bu gün isə sadəcə olaraq bu xəbəri sizinlə bölüşmək istəyirəm ki, siz də mənimlə sevinəsiniz. Everest çox gözəldir!”,- deyə Aslanova fikrini tamamlayıb.
Everest zirvəsinə qalxan ilk azərbaycanlı alpinist İsrafil Aşurlu olub. İ.Aşurlu 2007-ci ildə zirvəyə qalxıb.
Everest Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşir.
Yer kürəsində dəniz səviyyəsindən ən yüksək zirvədir.
Everestin hündürlüyü 8.848 metrdir.
Everest zirvəsini ilk dəfə 1953-cü ildə yeni zelandiyalı Edmund Hillari və nepallı alpinist Tensinq Norgey fəth edib.