Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev sanksiyaların hədəfindədir
Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla bağlı dekabrın 19-da qətnamə qəbul edib.
Qətnamədə 2023-cü ildən bəri Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti, siyasi müxalifət, insan haqları müdafiəçiləri, LGBTI+ icması, müstəqil mediaya qarşı sistematik təzyiq apardığı, bunun COP29 sammiti öncəsi şiddətləndiyi bildirilir.
Avropa Parlamentinin yaydığı məlumata görə, deputatlardan 434 nəfər qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib.
89 deputatın isə səsvermədə iştirak etmədiyi bildirilir.
Sənəddə Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğu vurğulanıb.
Qeyd olunub ki, 2024-cü il Saxarov mükafatı finalçısı professor Qubad İbadoğlunun sağlıq durumunun kritik olmasına baxmayaraq, hələ də ev dustaqlığında saxlanılır.
Həmçinin bildirilir ki, vətəndaş cəmiyyəti lideri Anar Məmmədli 2024-cü il aprelindən saxta ittihamlarla həbsdədir, səhhəti pisləşməkdədir.
Qəbul olunan qətnamədə qeyd olunur ki, 2024-cü il dekabrın əvvəlində isə Meydan TV jurnalistləri, siyasi lider Azər Qasımlı, insan haqları müdafiəçisi Rüfət Səfərov həbs olunub.
Onların hamısının əsassız, siyasi motivli ittihamlarla üzləşdiyi vurğulanır.
“Heyvan haqları fəalı Kamran Məmmədli COP29-da mühafizəçilərin hücumuna məruz qalıb, ölkədən çıxışı qadağan edilib”, – qətnamə müəllifləri bildiriblər.
Sənəddə “AbzasMedia” jurnalisti Nərgiz Absalamova daxil olmaqla, qadın siyasi məhbusların işgəncə, xüsusi qısnamaya məruz qaldığı əksini tapıb.
Bütün bunları nəzərə alan Avropa Parlamenti Azərbaycanda davam edən insan haqları pozuntularını pisləyib, hakimiyyəti bütün dissident qruplara qarşı təzyiqləri dayandırmağa, insan haqları müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəallara qarşı uydurulmuş, siyasi motivli ittihamları ləğv etməyə çağırıb.
Qurum Qubad İbadoğluna qarşı səyahət qadağasının dərhal ləğvini, ona qarşı ittihamları qaldırmağı, xaricdə təcili müalicə olunmasına icazə verməyi də tələb edib.
Parlament müstəqil mediaya gərəksiz məhdudiyyətləri ləğv etməyə, QHT-lər və medianın qeydiyyatı və maliyyələşdirilməsi üzrə qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmağa çağırır.
Parlament Avropa İttifaqını insan haqları pozuntularına cavabdeh şəxsləri, əsasən də Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevə sanksiya tələbi ilə çağırış edib.
Təkidlə bildirilib ki, Aİ-Azərbaycan arasında istənilən tərəfdaşlıq razılaşması, enerji məsələsi də daxil olmaqla, fundamental azadlıqlara hörmət, bütün siyasi məhbusların azad olunması şərti ilə bağlansın.
Avropa Parlamenti 2024-cü il aprelin 25-də və oktyabrın 24-də də qətnamələr qəbul edib.
Həmin sənədlərdə Azərbaycan hakimiyyətini siyasi məhbusları buraxmağa çağırıb.
Hakimiyyət rəsmiləri isə ölkədə fundamental azadlıqların pozulması, müstəqil media və vətəndaş cəmiyyətinin sıxışdırılması fikirlərini qəbul etmir.
Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.