Azərbaycanın yolu – sekulyar və şəffaf cəmiyyət

Mütləqiyyət xalqın dünya tarixindən kənarlaşdırılmasıdır…

Source:


Keçən ayın 19-da, bütün toplumda siyasi ehtirasların qızışdığı bir dövrdə Bakıda ictimai əhəmiyyətinə görə müstəsna bir hadisə baş verdi.

Həmin gün Üzeyir Hacıbəyli adına keçirilən beynəlxalq musiqi festivalında Bakıda ilk dəfə Richard Wagner musiqisi, daha doğrusu dahi alman bəstəkarının əsərlərindən ibarət bütöv bir konsert səsləndirildi. Doğrudur, öncələr şəhərimizdə onun əsərlərindən bəzi parçalar çox nadir hallarda ifa edilmişdi, amma onun musiqisinin bütöv bir konsert/konsept şəklində təqdimi heç bir zaman baş verməmişdi. Avropanın ən böyük romantiki, son iki əsr ərzində nəinki Avropa, bütövlükdə dünya tarixində yaradıcılığı (bəstəkar, dirijor, rejissor, dramaturq, musiqişünas, publisist) və ictimai fəaliyyəti (reformator və eyni zamanda inqilabçı) ilə bütöv bir kültür mərhələsi rolu oynamış şəxsiyyətin əsərləri ilə bizim publika yalnız onun doğuluşunun 200-cü illiyində ilk dəfə əsaslı surətdə tanış oldu. Bu hadisənin vacibliyi, hazırkı cəmiyyətimiz üçün əhəmiyyəti sırf incəsənət və kültürdən bəlkə daha çox ictimai mənasındadır. Çünki toplum kimi hazırda qarşımızda duran ən vacib problematika müasir dövr və ictimai münasibətlər, və hətta ölkəmizdəki ictimai formasiya məsələsidir.


Musiqinin funksiyası müxtəlif dövrlərdə zaman-zaman dəyişilib, belə ki, qədim dövrlərdən metafizik/meditativ ayinlə bağlı olan bu sənət növü yeni dövrdə cəmiyyətdə tamam başqa funksiya daşıyıb. Avropada fransız burjua inqilabından sonra başlanmış yeni dövrdə ictimai münasibətlər sistemi kökündən dəyişilməyə başlayır. Məhz bu səbəbdən XIX əsrdə Avropada kilsənin faktiki desakralizasiyası cəmiyyətin dünyəvi həyat tərzinə yol açır, Avropa fəlsəfi diskursunda insandankənar mütləq obyektivizm aradan qalxır, insanlar bərabər bəşəri kültür fenomeni mütləq dominanta kimi dünyanın mərkəzinə gəlirdi. Bununla da ictimai həyatın mərkəzi məkanı kimi kilsə də öz əvvəlki əhəmiyyətini itirərək yerini dünyəviliyin yeni məbədi – opera teatrına verməli olur. Baş vermiş desakralizasiya yalnız dini sferada keçmir, ictimai quruluşda da özünü göstərir və opera teatrları XIX əsrdə artıq yalnız sırf hakim təbəqə, əyanlar üçün deyil, vətəndaşlar – şəhər zənginləri, sənətkarlar, orta sinif və başqa kəsimlər üçün də vacib ictimai əhəmiyyət kəsb edən, dünyəvi kültür aspekti daşıyan foruma çevrilir. Cəmiyyətin müxtəlif təbəqələri, “yuxarılar və aşağılar“ arasında öncələr hermetik dərəcədə kip olan qapalılıq tədricən ləğvə, sonda isə cəmiyyətdə istənilən səviyyədə münsibətlərin mümkünlüyünə yaşıl işıq verəcək tam şəffaflığına gətirib çıxarır.


Azərbaycanda Üzeyir bəyin ilk dəfə 105 il əvvəl, 1908-ci ilin 25 yanvarında ifa edilmiş “Leyli və Məcnun” operasının ictimai əhəmiyyəti gözlə görünəcəkdən qat-qat artıqdır – bu əsərlə o, faktiki dünyəvi həyat tərzimizin ən böyük əsaslarından birini qoymuş, yuxarıda haqqında bəhs etdiyimiz, dünyəviliyin yeni məbədi olacaq opera, milli çalarda cəmiyyətimizə gəlmişdi. Azərbaycanda dünyəvi ideyaların əsası XIX əsrdə – demək olar ki, Avropa ilə paralel! – böyük fikir adamı, düşüncələrində faktiki müasir Azərbaycanın gələcək yaşam mödelini qura bilmiş Mirzə Fətəli Axundov tərəfindən qoyulmuşdu. Bu mənada, məhz bu yazarın simasında, “xalqın onun ədəbiyyatı tərəfindən yaradılması“ kimi mübhəm bir ideyanı çox əminliklə təsdiq edə bilərik. Öz dövrü üçün həddən artıq avanqard ideyaların daşıyıcısı olan Axudovun vəfatından cəmi 30 il sonra faktiki arxaik bir cəmiyyətdə milli operanın yaranmasının nə kimi təsir buraxdığını indi də qiymətləndirmək asan deyil. XX əsr ərzində tariximizin bütün faciəvi məqamlara baxmayaraq bu xətt yüksələn vektorla gedir – Üzeyir bəy milli-dünyəvi təfəkkürümüzün çox vacib hissəsi olan “Koroğlu“ operası ilə missiyasını başa vurur, ondan sonra isə Qara Qarayevin baletləri də eyni tərzdə, faktiki olaraq musiqidənkənar funksiyanı oynaya bildi – bu əsərlər Azərbaycanın sekulyar həyatının çox vacib, silinməz bir arxetipinə çevrilərək, dünyəvi həyat tərzimizi legitimləşdirdi. Bunlar heç də asan başa gəlmədi, Axundovdan başlayaraq 150 ililk bir dövrdə Azərbaycanın həqiqi ziyalıları görünməmiş bir mərhumiyyət və basqılardan keçmiş, böyük qurbanlar verərək, bütün sıxıntılara rəğmən öz ideallarını növbəti nəsillərə ötürməyi bacardılar. Bizim cumhuriyyət ideyalarımız məhz burdan qaynaqlanır və 1918-ci ildə öz təcəssümünü artıq tarixi-siyasi müstəvidə tapdı.


Hazırda Azərbaycan anlayışının özü, ölkəmizin ideal obrazı beyinlərdə məhz bu sekulyar həyatın ayrılmaz hissəsi olan, bu çox qiymətli mirasla sıx-sıx bağlıdır. Əgər bütün bunlar olmasaydı, Azərbaycanın bir dövlət və cəmiyyət kimi Xəzərin o tayındakı qonşularımızdan heç bir fərqi olmayacaqdı. Çünki mədəniyyət və təfəkkür, sadəcə kobud idxal yolu ilə zorla gətirilsə də sonadək qəbul etdirilə bilməz – XX əsrin tarixi bunu sovetlərin Orta Asiyasının timaslında parlaq bir şəkildə sübüt etdi.


Hazırda Azərbaycanda sekulyarizmin imitasiyası mövcuddur, hakimiyyətin sərgilədiyi zahiri görünüş, dünyəvi dəyərlərə tapınmış AzTV əyarlı-pardaqlı “cəmiyyət” bu ideyaların həqiqisi deyil, simulyakrı, yəni əvəzedicisi, surətidir. Çünki sekulyar cəmiyyət anlayışı məsələsi yalnız problemin kültür fenomenologiyasında deyildir, sekulyarizm, dünyəvilik yalnız və yalnız həqiqi humanistik, yəni insanmərkəzçi inkişaf konsepsiyalı cəmiyyətdə mümkün olar bilər. Bu zaman hakimiyyətin kütləvi şəffaflıq rejimində fəaliyyəti onun daima dəyişilməsi fonunda olmalıdır, və məhz bu şərtlər təmin olunmasa, bunun əksi təqdirində zaman maşını yenə də geriyə – orta əsrlərə tərəf işləyəcək. Azərbaycanda da indi məhz bu baş verməkdədir.

Haqqında bəhs etdiyimiz həmin gün, sentyabrın 19-da İTV-də prezidentliyə namizədlərin ikinci, ən qalmaqallı debatı gedirdi. Hamı razılaşar ki, məhz bu debatdan sonra bu dəfəki seçki kampaniyası tamamilə başqa məcrada getdi.


Professor Cəmil Həsənlinin özündən çıxdığını ilk dəfə orada gördüm. Professorla hələ on il bundan öncə, 2003-cü ilin yayında Space telekanalında dövlət atribuları ilə bağlı “Gecə kanalı“ adlı verilişdə iştirak edəndə tanış olmuşdum. O zamankı söhbət bir neçə nəfərin iştirakı ilə keçirilsə də, məhz Cəmil müəllim müstəsna mədəniyyəti və nəzakəti ilə yaddaşımda qalmış, bu təəssürat sonralar müxtəlif formatlı görüşlərdə professorun sərgilədiyi sakit təbiətli ziyalı obrazı ilə dəfələrlə təsdiq edilmişdi. Bu il müxalifətn birləşmək üğrunda keçdiyi keşməkeşli yolların sonunda məhz belə bir vahid namizədin meydana çıxmasına, doğrusu çox fərəhlənmişdim. Cəmil müəllim layiqli bir insan kimi bu missiyanı daşıya biləcək bir şəxsiyyətdir, onun bu qədər əsəb gərginliyi keçirəcəyini, hətta özündən çıxacağını heç bir halda gözləmirdim.


İTV-də görünməmiş gərginlikdə keçən bu “debat“ın başlıca mənası, qayəsi nədən ibarət idi? Bu “debat“da faktiki olaraq təklənmiş professor nəyin naminə var gücü ilə ona qarşı hücuma keçmiş bu “prezidentliyə namizədlər“ ordusu, faktiki hakimiyyətin vəkilləri ilə vuruşurdu? Cəmil Həsənlinin sərtliyinin səbəbləri ona edilən hücumlara, təhqirlərə, əsassız kompromatlara görə idi, heç bir kimsə də orada cavabsız qalmadı, lakin bu məsələnin cəmiyyət üçün əhəmiyyəti, TV-də baş verən qalmaqaldan qat-qat vacib idi.


Burada basilica məsələ, faktiki bütün XX əsr boyu totalitar cəmiyyətdə yaşamış Azərbaycana, sovetlər dağıldıqdan sonra bərqərar olmuş hazırkı hakimiyyət tərəfindən zorla və sistemli şəkildə qəbul etdirilmiş arxaik ictimai quruluşda, ölkədə uzun illər təşəkkül tapmış bu cinayətkar mahiyyətli rejimin xalqı faktiki orta əsrlər qaydası ilə idarəetmə istəyindədir. Haqqında dəfələrlə yazdığımız feodalizm quruluşuna bənzər bu ictimai quruluş artıq ölkəmizdə faktiki qurulub və hakimiyyətin istəyi yalnız proseslərin dönülməz bir mərhələyə – sakral mütləqiyyətə keçirilməsindədir. Bunun bütün təzahürləri artıq göz önündədir – ölkənin başçısı özünü orta əsrlərin absolutist monarxiyasının rəhbəri təkin sakral protokola uyğun aparır. Təbii ki, o bu “debat”larda əsla görünməyəcəkdi – onun xalqla təması yalnız AzTV üzərindən yayımlanan verilişlərdə, başlıca olaraq qarşısında təlxək kimi oynayan aşıqlara, xalq artistlərinə, “ziya(n)lılar”a və ya “zəhmətkeş”lərə kinayə ilə qımışması şəklində baş verə bilər. Mütləqiyyət və orta əsrlər isə yalnız konkret individuumun müasir sivilizasiyanın verdiyi haqlardan məhrum edilməsi, cəmiyyətin böyük bir maddi və mənəvi sarsıntılar içərisində yaşaması və sosiuma, onun inkişafına daima edilən çox böyük basqılar deyil, eyni zamanda konkret ölkənin və bu ölkəni təmsil edən xalqın da dünya tarixindən kənarlaşdırılması, bəşəri proseslərdən izolyasiya edilib, sanki dondurulmasıdır.


Azərbaycan hakim zümrənin səyləri nəticəsində faktiki 20 ildir ki, tarixi proseslərdən kənarlaşdırılıb, tarixdən kənar düşüb. Bu rejimin öz hakimiyyətini çox böyük dövrdə sürməsi və zaman-zaman möhkəmlətməsi prosesinin nəticəsində daima aşınan cəmiyyət faktiki olaraq gələcəkdən məhrum edilib, Azərbaycan üçün gələcək anlayışının özü bağlanıb. Bizim ölkə artıq respublika titulunu daşıya bilməz, çünki mütləqiyyət yalnız hakim ailə, onların nökərləri – əyanlar və müxtəlif miqyaslı qulbeçələri üçündür.


Bu “debat”larda hakimiyyətin son illər müxtəlif müstəvilərdə glamour görünmək istəyi ilə yaratdığı sürtülü-qrimli obrazı dağıldı, TV-dən mərhum jurnalsit Elmar Hüseynovun ibarəsilə desək “qeyri-senzurasız sifətlər” (dəqiq ifadə – “Человек с нецензурным выражения лица”) – siyavuşlar, hafizlər, zahidlər diş qıcarır, əslində isə hakimiyyətin qurduğu feodalizmi, onun daxili anatomiyasını çılpaqlığı ilə açıb göstərirdi. Hakimiyyətin glamour qolunun belə ikrahla baxdığı bu iyirmi illik “Человек с нецензурным выражения лица”lar, həmin bu siyavuş-hafiz-zahidlər əslində onun həqiqi sifətləri idi. Çünki rejimin fikrincə onlar hakimiyyətlərini rahatca və davamlı sürməsi üçün hamı, bütün xalq ölkənin feodalizm quruluşunda yaşadığını şərtsiz və birdəfəlik olaraq qəbul etməlidir – bu işdə də onun yardımçıları məhz bu sifətlər olmalı idi. Təbii ki, bu sistemin daxilində heç bir həqiqi siyasi partiya, parlament, ümumiyyətlə xalqla hər hansı bir rabitə mənasında siyasət anlayışının özü mümkünsüzdür. Vətəndaş anlayışı isə bunların fərz etdiyi “cəmiyyətdə” kökündən mövcud deyildir, çünki bu quruluşda yalnız ağa və onun nökəri olur.

Tarixçi kimi bütün ömrünü Azərbaycan tarixinə, onun mübhəm səhifələrinə həsr etmiş Cəmil Həsənli o günkü “debat”da qarşısına çıxmış keçmişin köl(g)ələri ilə qarşıdurmada məhz öz sələflərinə – Azərbaycanın Axudovdan başlayaq zaman-zaman meydana gəlmiş həqiqi ziyalılarının mirasına arxalanaraq tarix yazdı. Professor Azərbaycan aydınlarının hətta mümkünsüz şərtlər altında nəsil-nəsil mücadilə edərək qazandığı sekulyar, çağdaş cəmiyyət, əsrlərlə səf-səf düzülmüş aydınlarımızın xəyallarında yaşatdığı ideallar və nəhayətdə məhz bu qazanılmış dəyərlər uğrunda mübarizə aparırdı.


Məhz bu dəyərlər bizim ölkəmizi Vətən etmişdir, və böyük ideallar uğrunda aparılan bu mübarizə indi başlanmadığı kimi, indi də bitməyəcək, davam edəcəkdir. Bu səflərin sıralarında Cəmil müəllim isə əsla tək deyil, tarixi sələfləri və xalqla birgədir. Azərbaycan istənilən halda sekulyar və şəffaf cəmiyyəti ilə sivil dünyanın bir hissəsi olmalıdır və olacaqdır.

Ana səhifəMənim FikrimcəAzərbaycanın yolu – sekulyar və şəffaf cəmiyyət