Azərbaycanın yollarına “asfaltlanan” korrupsiya

Altı rayonda yol çəkilişinə ayrılan vəsaitlərin 50 faizi haqqında tender məlumatları yoxdur, “Azəravtoyol” ASC isə bildirir ki, qulluq sirri məlumatları olduğundan layihə-smeta sənədlərini açıqlamaq məqsədəuyğun sayılmır

Source:


Altı rayonda yol çəkilişinə ayrılan vəsaitlərin 50 faizi haqqında tender məlumatları yoxdur, “Azəravtoyol” ASC isə bildirir ki, qulluq sirri məlumatları olduğundan layihə-smeta sənədlərini açıqlamaq məqsədəuyğun sayılmır

Azərbaycan hökuməti 2013-cü ildə Xızı-Altıağac yolunun yenidən qurulmasına qərar verir. Həmin il pezident İlham Əliyev yolun tikintisi üçün Xızı Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayırır. Tenderin qalibi olan ”

AzV


irt

” Məhdud Məsuliyyətli Cəmiyyəti yolun 20.5 km-lik hissəsində inşaat işlərinə başlayır.

2014-cü ildə prezidentin sərəncamı ilə rayon icra hakimiyytinə 10 mln. manat da ayrılır. Rayon mərkəzi ilə Altıağac qəsəbəsini birləşdirən yolun tikintisi davam etdirilir.  2016-cı ildə İlham Əliyev tikintinin başa çatdırılması məqsədilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 8 mln. manat ayırır.

Xızı-Altıağac yolu layihəsinin tenderdə qiyməti 20 mln. 59 min 77 manat göstərilib. Yolun tikintisinə isə ümumilikdə 21 mln. manat ayrılıb. Yol çəkilişinə layihədə nəzərdə tutulduğundan 940 min manat çox vəsait ayrılıb.

Ötən il noyabrın 23-də torpaq  sürüşməsi  nəticəsində Xızı-Altıağac yolunun 16-17-ci kilometrliyində asfalt qatı 1 km-dək məsafədə dağılıb. Vəsaitin tenderdə göstəriləndən çox ayrılmasının isə sürüşmənin nəticələrinin aradan qaldırılması ilə heç bir bağlılığı yoxdur. Çünki yol tikintisinə dair maliyyə vəsaiti sonuncu dəfə sürüşmənin baş verdiyi tarixdən üç ay əvvəl ayrılıb.

(embedded content removed)

Xızı-Altıağac yolunun inşasını həyata keçirən “AzVirt” MMC layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, layihə-smeta sənədlərinin hazırlanmasının tikintini həyata keçirən podratçı şirkətə verilməsi maraqlar konflikti yaradır: “Bu “AzVirt”ə sənədləri öz marağına uyğun hazırlamağa imkan verir. Dövlət investisiya layihələrində belə hallar korrupsiya halı kimi dəyərləndirilməlidir. Layihə-smeta sənədləri hələ layihəyə pul ayrılmadan bu sahədə ixtisaslaşmış müstəqil şirkət tərəfindən hazırlanmalıdır”.

Z.İsmayıl qeyd edib ki, “AzVirt”MMC Azərbaycanda şişirdilmiş layihələrin icraçısı kimi tanınır: “Xatırlayırsınızsa, şirkətin vaxtilə inşa etdiyi aeroport yolunun 1 kilometri 36 milyon dollara başa gəlmişdi. Bu şirkətin “AZAL” Dövlət Konserninin pezidenti Cahangir Əsgərovun ailəsinə aid olması haqda məlumatlar var”.

“Azvirt” MMC Xızı-Altıağac yolunun layihə-smeta sənədlərinin açıqlanması ilə bağlı sorğunu cavablandırmayıb. “Azəravtoyol” ASC -nin Avtomobil Yollarının İstismarı və Təmiri idarəsinin rəisi Əflatun Qasımov isə bildirib ki, qulluq sirləri ilə bağlı məlumatlar olduğundan layihə-smeta sənədlərinin açıqlanması məqsədəuyğun deyil.

“Məlumat azadlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən təmir-tikinti işləri ilə bağlı layihə-smeta sənədləri qulluq (xidməti məlumatlar) sirləri ilə bağlı məlumatlar olduğundan bu məlumatların alınması məhdudlaşdırılır. Bu məlumatlar yalnız müvafiq dövlət orqanlarına təqdim edilir”,- deyə Ə.Qasımov bildirib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyib ki, layihə-smeta sənədləri qulluq sirri sayıla bilməz: “Azəravtoyol”un bu sənədləri açıqlamaması qanunsuzdur. Bu sənədlərin ictimaiyyət üçün qapalı olması yalnız sifarişçi və icraçı özəl şəxs olduğu halda mümkündür. Sifarişçi dövlət orqanıdırsa, sifarişçiyə vəsait dövlət büdcəsindən (yerli və ya mərkəzi büdcə) ayrılırsa, layihə-smeta sənədləri gizli tutulan sənəd sayılmamalıdır. Təbii ki, bu məlumatlar hərbi sirr, ictimai təhlükəsizik, istintaq sirri və özəl həyat və ya özəl iqtisadi maraqlara görə məhdudlaşdırılmasa”.

Xızı-Altıağac yoluna tenderdə göstərilən məbləğdən 940 min manat çox vəsait ayrılmasına gəlincə, Ə.Qasımov bildirib ki, tikinti xərclərinin artması ölkə daxilində neft məhsulları və enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə bağlı olub.

2016-cı ilin təkcə iyul-avqust aylarında prezident İlham Əliyev yol tikintisi, kənd təsərrüfatı, mediaya yardım, yaşayış binalarının təmiri və qaçqınların yeni mənzillərlə təmin olunması məqsədilə 38 sərəncam imzalayıb. Bu sərəncamların icrası üçün dövlət büdcəsindən maliyyələşən fondlardan 139 milyon manat ayrılıb. Vəsaitin 101 mln. 65 min manatı (72%) 30-dək rayonda yol tikintisi üçün nəzərdə tutulub. Bu yolların tikintisi “Azəravtoyol” ASC-yə həvalə olunub.

“Azəravtoyol”ASC keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində olan, “Azəryolservis” ASC-nin bazasında yaradılıb. Bu qurum yol, körpü və tunellərin layihələndirilməsi, təmiri və tikintisi,eləcə də yol qurğularının qorunub saxlanmasına nəzarəti həyata keçirir.

2015-ci il dekabrın 28-də İlham Əliyevin sərəncamı ilə “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Bir neçə aydan sonra “Azəryolservis” ASC “Azəravtoyol” ASC-yə çevrildi. “Azəravtoyol” ASC yaranana qədərsə yolların inşası yerli icra hakimiyyətlərinə həvalə olunurdu.

Yolların tikintisi və təmiri üçün maliyyə vəsaiti əsasən “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və Prezidentin Ehtiyat FonduHYPERLINK “#http://www.budget.az/main?content=522″ndan ayrılıb. 2016-cı ildə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 290, Prezidentin Ehtiyat Fondu isə 285 mln. manat proqnozlaşdırılıb.

“İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Qubad İbadoğlu deyib ki, “Büdcə sistemi haqqında” Qanunda Prezidentin Ehtiyat Fondunun vəsaitlərinin bölüşdürülməsi ilə bağlı tələb olmadığından Hesablama Palatası indiyədək büdcənin icrası ilə bağlı rəyində bu istiqamətdə təhlil və qiymətləndirmə aparmayıb.

Q.İbadoğlu vurğulayıb ki, Prezidentin Ehtiyat Fondunun vəsaitlərinin seçki, referendum və prezidentin fəaliyyətinin təbliğatı məqsədilə xərclənməsi qanunla qadağan olunsa da, prezident və parlament seçkiləri öncəsi bu fonddan intensiv vəsaitlər ayrılır.

2016-cı il sentyabrın 26-də prezidentə müstəsna səlahiyyətlər verən Konstitusiyaya Dəyişikliklər Aktı referenduma çıxarıldı. Bundan iki ay öncə isə dövlət başçısı 30-dək rayonda avtomobil yollarının tikintisi və təmiri ilə bağlı sərəncamlar imzalayıb.

Referendumdan iki həftə öncə-sentyabrın 8-də on bir yaşayış məntəqəsini birləşdirən və üçüncü texniki dərəcəli yol olan Qusar İmamqulukənd-Quxuroba avtomobil yolunun (25 km) açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Prezident bu yolun inşası üçün Qusar Rayon İcra Hakimiyyətinə 2014-cü ildə 3 mln, 2015-ci ildə 4.6 mln. manat, 2016-cı ildə tikintinin başa çatdırılması məqsədilə “Azəravtoyol” ASC-yə 1,8 mln. manat (toplam 9.4 mln. manat) ayırıb. Referendum ərəfəsində Sabirabad, Lənkəran, Şəki və Cəlilabad rayonlarında da yol tikintisi üçün vəsaitlər ayrılıb.

Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı yolunun tikintisi üçün 2014-2015-ci illərdə 6 mln. manat Sabirabad Rayon İcra Hakimiyyətinə, 2016-cı ildə isə 6.2 mln. manat tikintinin başa çatdırılması məqsədilə “Azəravtoyol” ASC-yə (toplam 12.2 mln) ayrılıb. 43 km uzunluğu olan bu yolun tikintisi ilə bağlı keçirilən tenderlər haqqında qismən məlumat var. 2015-ci ildə “Azərtikinti-Quraşdırma” Srvis-23 ASX-nin yolun inşası ilə bağlı keçirilən tenderi 2 mln. 999 min 510 manata udduğu göstərilir. Qalan 9 mln. 200 min manatın hara xərcləndiyi açıqlanmır. Üç il müddətində yolun bir hissəsinə asfalt örtüyü çəkilib, bir hissəsinə çınqıl döşənib. Həşimxanlı və Əhmədabad kəndini birləşdirən yolda hələ iş başlamayıb.

Əhmədabad yolu Foto: Rövşən Hacıbəyli
Əhmədabad yolu Foto: Rövşən Hacıbəyli

2013-cü ildə Lənkəranda Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun (18.8 km) tikintisinə 2 mln. manat ayrılır. Eyni ildə “Lənkəran Yol Tikinti” MMC tikinti tenderini 1 milyon 999 min 944 manata udur. 2014 və 2016-ci ildə yolun tikintisi üçün toplam 4.5 mln. manat ayrılır. Bu vəsaitin də hansı şirkət tərəfindən necə xərcləndiyi açıqlanmır.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı keçirilən tender haqqında rəsmi məlumt verilməyib. 2013-cü ildə İlham Əliyev sərəncamı ilə bu yolun (uzunluğu 17.2 km) tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə 2,5 milyon, 2014-cü ildə 3,3 milyon manat ayrılıb. Prezident 2016-cı ildə tikintinin başa çatdırılması məqsədilə bu dəfə “Azəravtoyol”a 1,5 milyon manat ayırıb.

Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı (21 km) avtomobil yolunun inşası üçün 2013-cü ildə icra hakimiyyətinə ilkin olaraq 2 mln, 2014-cü ildə tikintinin davam etdirilməsi məqsədilə 7 mln. manat ayrılır. Yol inşası ilə bağlı keçirilən tenderin qalibi “İnşaat-Servis YKT” MMC olub. 2016-cı ildə bu yolun tikintisinin başa çatdırılması üçün “Azəravtoyol” ASC-yə 1.9 mln manat ayrılıb.

Altı rayonda uzunluğu toplam 145 km olan bu yollarn tikintisi üçün 67.3 milyon manat ayrılıb. Bunun 47 mln. manatı icra hakimiyyətləri, 20.3 mln. manatı “Azəravtoyol” ASC-nin payına düşür. 32 mln manatın hansı şirkət tətəfindən necə xərcləndiyinə dair açıq tender məlumatları yoxdur.

Həşimxanlı yolu Foto: Rövşən Hacıbəyli
Həşimxanlı yolu Foto: Rövşən Hacıbəyli

“Azəravtoyol” ASC-dən bildirilib ki, yuxarıda adları çəkilən avtomobil yollarının ilkin təmir və tikinti işləri ərazı üzrə yerli icra hakimiyyəti orqanlarının sifarişi ilə aparıldığından ilkin layihə-smeta sənədləri də icra hakimiyyətləri tərəfindən tərtib olunub: “Həmin işlərə qiymət verilməsi “Azəravtoyol” ASC-nin səlahiyyətində deyil”.

(embedded content removed)

Yerli icra hakimiyyətləri yol tikintisinə dair suallara cavab verməyib. Adının gizli saxlanılması şərtilə danışan icra hakimiyyəti rəsmisi deyib ki, sərəncamda ayrılan məbləğin heç də hamısı rayonlara çatmayıb: “Ondan da “kəsirlər”, bu işləri bizdən “daxili imkanlar hesabına” görməyi tələb edirlər. Daxili imkanlarsa keyfiyyətli iş görmək üçün yetərli deyil”.

Yol tikintisi üzrə mühəndis Qafar Vəliyev (ad və soyad dəyişdirilib) isə deyir ki, Azərbaycanda layihə-smeta sənədlərində qiymətlər reallıqda olduğundan ən az 30 faiz şişirdilir: “Layihə-smeta sənədlərində 10 kilometrlikdə qrabel olduğu halda, bunun 100 km məsafədən gətiriləcəyini qeyd edirlər. Bu rəqəmlər yol tikintisi üçün lazım olan digər materiallar üçün də tətbiq olunur. Beləcə, yuxarılara da, tikintini həyata keçirən şirkətə də “pay” çatır”.

“Reason” Fondunun ABŞ-da tikilən yollara dair 22-ci illik

hesabatında

deyilir ki, 2013-cü ildə Nyu Cersi ştatında dövlət nəzarətində olan ikitərəfli yolların 1 km-nin tikintisinə 1 mln. 300 min dollar xərclənib. Ən az vəsait isə ən

kasıb

ştatlardan biri olan Cənubi Karolina ştatında ayrılıb: 1 km-ə 22 min dollar. Nyu Cersi ABŞ-ın ən çox

korrupsiyalaşmış

ştatıdır. Bu ştatda yol tikintisinə xərclənən vəsaitlərin üç dəfə şişirdildiyi bildirilir. Məsələn, Florida ştatı da yollara ən çox pul xərcləyən ştatdır: 1 km-ə 463 min dollar.

Fransanın yol tikintisi ürə ixtisaslaşmş “Colas Group” şirkəti 2013-cü ildə Burkino Fasoda Banfora və Sindeu şəhərlərini birləşdirəcək 50.3 km-lik yolun inşasına başlayıb. Banfora-Sindeu yolunun inşasına 32 mln dollar ayrılıb. İkitərəfli yolun 1 km-nin inşası 640 min dollara başa gəlib. Yol bir ilə təhvil verilib. Xızı-Altıağac yolunun tikintisi də 2013-cü ildə başlayıb. Yolun 1 km-nin inşası 1mln manata başa gəlir, tikintisi isə 3 ildir davam edir.

“Global Transport Knowledge Center” təşkilatı bildirir ki, inkişaf etməkdə olan ölkələrin adı korrupsiyada daha çox hallanır: “Bu ölkələrdə siyasi fiqurlar tikinti layihələrini korrupsiya məqsədilə həyta keçirirlər. Üstəlik, yüksək vəzifəli məmurlar tərəfindən himayə olunduqlarına görə tikintini həyata keçirən şirkətlərin məsuliyyətə cəlb olunmaq qorxusu olmur”.

Təşkilat bildirib ki, yol tikintisi ilə bağlı layihələrdə korrupsiyanın qarşısını korrupsiyaya yol açan siyasi fiqurların məsuliyyətə cəlb olunması ilə almaq olar. Azərbaycanda yol tikintisində korrupsiyaya görə nə bir siyasi fiqur, nə də məmur məsuliyyətə cəlb olunub.

Prezident İlham Əliyev 2017-ci il fevralın 21-də “Azəravtoyol” ASC-də çalışan bir qrup işçini yol-nəqliyyat infrastrukturunda xidmətlərinə görə “

Tərəqqi

” medalı və “

Əməkdar mühəndis

” fəxri adı ilə mükafatlandırıb.

Ana səhifəAraşdırmaAzərbaycanın yollarına “asfaltlanan” korrupsiya