Nazirin köməkçisi Azərbaycandakı qeyri-dost bəyanatlardan narahatlığını ifadə edib
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata görə, səfirin XİN-ə çağrılmasına səbəb kimi Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması göstərilib.
Bildirilir ki, Xarici İşlər Nazirliyinin Avrasiya üzrə köməkçisi Azərbaycan səfirinə İran İslam Respublikasının qeyri-dost bəyanatları ilə bağlı narazılığını və kəskin etirazını çatdırıb. O, Azərbaycanın yüksək vəzifəli şəxslərinin və bu ölkə mətbuatının qara piarından danışıb:
“Biz bu prosesə ən qısa zamanda son qoyulacağını və təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik”.
İRNA yazır ki, Azərbaycanın səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və deyib ki, İran İslam Respublikasının etirazını dərhal Bakıya çatdıracaq.
Azərbaycan XİN-dən hələlik rəsmi açıqlama verilməyib.