Azərbaycanın Rusiyadan təbii qaz idxalı artıb

Rusiya qazı. Foto: Leonid Sorokin/shutterstock

İqtisadçı: “Təxmin edə bilərik ki, Azərbaycan təbii qazı Avropa və ya Türkiyəyə ixrac edib”

Son illər Azərbaycanın Rusiyadan təbii qaz idxalı artıb. Bu, Azərbaycanın Rusiyanın tranzitində iştirak etdiyi fikri yaradıb. Statistik məlumatlara əsasən, 2023-cü ilin təkcə 7 ayı ərzində Rusiyadan Azərbaycana 800 milyon 665,76 min kubmetr qaz idxal edilib.

Hökumət mediası yazır ki, Azərbaycan Rusiya qazını birbaşa Mozdok-Hacıqabul boru kəməri ilə üçüncü tərəfə hər hansı xidmət haqqı ödəmədən idxal edib. 2021-ci ildə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında mövsümi mübadiləyə (svop) dair müqavilə imzalanıb.

Qazın təzyiqi
Foto: Meydan TV

Müqaviləyə görə, sərhəddə yerləşən bölgələri yayda Azərbaycan, qışda isə Rusiya təbii qazla təmin edəcək.

Həmin müqaviləyə əsasən, iki ölkə arasında təbii qazın mövsümi mübadiləsi (svop) gündəlik 0,5 milyon kubmetr olacaqdı. Hazırkı rəqəmlər bu müqavilənin şərtlərini üstələyib.

İqtisadçı Toğrul Vəliyev deyir ki, 2021-ci ildə müqavilə ciddi maraq cəlb etməmişdi. Çünki həcmlər də çox böyük deyildi və daha çox transsərhəd məsələlərin həlli ilə bağlı idi:

“Amma indiki dönəmdə bu müqavilə tamamilə başqa bir rol oynayır. Məsələ ondan ibarətdir ki, müqavilə çərçivəsində ixrac-idxal həcmləri bərabər olmalıdır, çünki bu müqavilə çərçivəsində hər hansı ödənişlər həyata keçirilmir. Reallıq isə tam başqadır”.

Toğrul Maşallı
Foto: Toğrul Vəliyevin şəxsi arxivindən

Onun sözlərinə görə 2023-cü ilin 7 ayı ərzində Azərbaycan Rusiyadan 800,6 milyon kubmetr təbii qaz idxal edib və 326,5 milyon kubmetr təbii qaz ixrac olunub.

“Göründüyü kimi iki rəqəm arasında fərq heç də az deyil – 474,1 milyon kubmetr. Misal üçün, İran ilə eyni tipli müqavilə var və orada rəqəmlər 14 və 11 milyon təşkil edir. Yəni təxmin edə bilərik ki, Azərbaycan Rusiyadan idxal etdiyi həcmdə əlavə təbii qazı özü də Avropa və ya Türkiyəyə ixrac edib. Formal olaraq bu tranzit deyil (yəni sistemlər fərqlidir), amma faktiki olaraq bunu tranzit adlandıra bilərik. Düzdür həcm çox da böyük deyil, bizim Avropaya ixracımızın cəmi 3,6%-dir. Amma bununla belə 2023-cü ildə Azərbaycanın Avropa, Gürcüstan və Türkiyəyə təbii qaz ixracının 7,6%-i (əgər Türkiyə və Gürcüstanı çıxsaq, o zaman 15%-i) tranzit (həm də Türkmənistandan 1,5 milyard kubmetr idxal etmişik) təşkil edib”.

Bəs bu tranzit hesabına Azərbaycan nə qədər qazanıb?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Rusiyadan əlavə alınan təbii qazın qiyməti 1000 kubmetr üçün 170, Türkmənistandan alınan üçünsə 144 ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsi
Foto: Meydan TV

Toğrul Vəliyev deyir ki, Azərbaycanın İtaliyaya satdığı təbii qazın orta qiyməti isə 752 ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 30,8 faizi İtaliya, 15,2 faizi Türkiyə, 8,4 faizi Rusiya, 6 faizi Çin, 3,5 faizi Almaniyadır. Qalan ölkələrlə ticarət dövriyyəsi 3 faizi ötmür.

Ana səhifəİqtisadiyyatAzərbaycanın Rusiyadan təbii qaz idxalı artıb